Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2015 20:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə Azərbaycan alimləri, Akademiya və elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin Ümumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik Akif Əlizadə bildirib ki, bu il noyabr ayının 9-da respublikanın ictimai-mədəni həyatında əlamət­dar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib. Akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Akademik qeyd edib ki, AMEA-nın elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.

Tədbirin növbəti hissəsi alimlərin çıxışları ilə davam edib. AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev Kimya Sənaye Parkının yaradılması prosesində Azərbaycan alimlərinin yaxından iştirakının təmin edilməsi, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov ölkədə kosmik sənayenin inkişafı ilə əlaqədar olaraq bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən də yüksək tex­no­logiyalara dair araşdırmaların ölkə­miz­də aparılmasının təmin edilməsi, akademik Pərviz Məmmədov  Azərbaycanın neft-qaz sənayesinin inkişafı ilə əlaqədar  araşdırmaların bundan sonra da uğurla davam etdirilməsi, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması ilə bağlı çıxışlar ediblər.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə müstə­qil­lik dövrü Azərbaycan tarixinin yazılması istiqa­mətində müvafiq tədbirlərin həyata keçirilməsi, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin multikulturalizm konsep­si­ya­sının elmi-nəzəri əsaslarının təd­qiqi və fundamental is­ti­qa­mət­lə­rinin müəyyənləş­diril­məsi ilə bağlı ictimai və humanitar elmlər sa­hə­sin­də araşdırmaların daha da genişləndirilməsi mövzularında çıxışları dinlənilib.

Bundan əlavə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdı­rılması və Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşı­sının alınması istiqamətində  tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mövzularda çıxışlar ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib. Akademik Akif Əlizadə mükafatçıları təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: