AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Özbəkistanlı həmkarlarının, eləcə də bu ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəvətilə Daşkənd şəhərində keçirilən beynəlxalq konfransa qatılıb.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçılar Mərkəzin foyesində təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə də tanış olublar.
Konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları və tələbələri, gənc tədqiqatçılar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin daim dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğinin diqqət mərkəzində saxladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə “Nizami Gəncəvi ili” elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihələr, tədqiqatların həyata keçirildiyini xatırladıb.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının Türk dünyasına və ümumən bütün Şərq aləminə böyük təsiri və bu amilin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də özünü parlaq şəkildə göstərməsi məsələlərindən danışıb. Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük Nizami Gəncəvi yaradıcılığının türkdilli xalqların poeziyasının formalaşmasında mühüm əhəmiyyətindən danışan Abduğaffor Qırğızbayev şairin ədəbi irsinin təbliği sahəsində Özbəkistanda da mühüm işlərin görüldüyünü qeyd edib. Özbəkistanda Nizami Gəncəvi yaradıcılığına daim yüksək dəyər verildiyinin bildirən rektor, bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını qeyd edib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov Nizami Gəncəvi yaradıcılığının Türk poeziyasının nəhənglərindən olan Əlişir Nəvai, Məhəmməd Füzuli və digər böyük şairlərin bəhrələndiyini vurğulayaraq, bu müdrik şəxslərin ruhən bir-birinə yaxınlığının əsas səbəbini də onların türk mənsubiyyətinə, yəni eyni soy, kök, düşüncə və fikir tərzinə malik olmaları ilə bağlayıblar.
Konfransda, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır”, Türkiyədən olan alim, dosent doktor Fikri Aydemir “Türkiyədə Nizami Gəncəvi tədqiqatları”, azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin nəsil şəcərəsi və yaşadığı tarixi ərazi”, özbəkistanlı alimlərdən dosent Salimaxan Eşanova “Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı Nizami Gəncəvi əlyazmalarının təsnifatı”, dosent Mahbuba Orazbayeva “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümələri” adlı məruzələrlə çıxış ediblər.
Konfransın məruzələrdən sonra tədbir iştirakçılarına Nizami Gəncəvinin həyatı və yaradıcılığından bəhs edən “Azərbaycandan parlayan günəşi” adlı sənədli film təqdim olunub.
Konfransın nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti” təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə olunub.
Tədbir ərəfəsində və ondan sonra Azərbaycandan gələn nümayəndələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Daşkənddə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrində yaradılmış Azərbaycan ocaqlarında, o cümlədən Dövlət Şərqşünaslıq Universitetində Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə fəaliyyətə başlayan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzində, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyat Universiteti nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Elmi Tədqiqat Mərkəzində olublar, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilinin 25-ci ildönümünə həsr olunmuş “Qardaşlıq bağlarını möhkəmlətmək yolunda” adlı beynəlxalq konfransda iştirak ediblər. Daşkənddəki görüşlər zamanı Azərbaycanlı nümayəndələr, o cümlədən Ə. Muxtarov faydalı kitab mübadiləsi aparıblar.
“AMEA Gəncə Bölməsində nəşr edilən "Heydər Əliyev və Gəncə", "İlham Əliyevin Gəncə şəhərinə səfərləri", "Ata vəsiyyəti", görkəmli nizamişünas, Əməkdar elm xadimi, unudulmaz müəllimimiz professor Xəlil Yusiflinin "Nizaminin lirikası", həmçinin Ə.Muxtarovun "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı" kitabları Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim olunub. Samir Abbasov da öz növbəsində Mərkəz tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə 3 dildə nəşr edilən "Heydər Əliyev. 100 kəlam" kitabını və Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın xalq şairi, mərhum Camal Kamalın Nizami Gəncəvinin "Xəmsə"sinin Özbək dilinə ilk tərcüməsini, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" və digər kitabları AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinə və Gəncə şəhər Nizami Gəncəvi Muzeyinə hədiyyə edib.
Özbəkistandanı konfrans günlərində alimlər, həmçinin Daşkənd şəhərindəki tarixi abidələr, muzey və incəsənət mərkəzləri ilə tanış olublar, Özbəkistan Yazıçılar İttifaqına da baş çəkiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.