Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.11.2015 11:36
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti ABŞ alimləri ilə görüşüb

AMEA-nın prezidenti ABŞ alimləri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində ABŞ-ın Smitsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin antropologiya sahəsi üzrə aparıcı alimləri, həmçinin Nyu-Meksika, Corc Meyson və Boston universitetlərinin alimləri olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan və ABŞ arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan alimləri hər zaman ABŞ elmi mərkəzləri və universitetləri ilə sıx əlaqələrin tərəfdarı olub. Bu əlaqələr çərçivəsində bu günə qədər elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layihə, ezamiyyət, treninq və tədbirlər həyata keçirilib.

Daha sonra akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Görüşdə cənab Derek Hoqan və qonaqlar öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.

Hər bir dövlətin tarixinin ən qədim mərhələlərinin arxeoloji qazıntılar əsasında tədqiq edildiyini vurğulayan diplomat Azərbaycanın da qədim və zəngin tarixə malik olduğunu qeyd edib. D.Hoqan bildirib ki, Azərbaycanda tədqiqatçılar tərəfindən əldə edilən qiymətli maddi-mədəniyyət nümunələri dünya alimləri tərəfindən Azərbaycanın arxeoloji abidələri və qədim mədəniyyətinə marağın artmasına səbəb olub.

Sonra amerikalı alimlər ABŞ-ın elmi-tədqiqat qurumları ilə AMEA-nın elmi müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıblar. Bu elmi qurumlarla AMEA arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə ediblər.

Son dövrlərdə arxeologiya sahəsində aparılan uğurlu tədqiqatlar barədə məlumat verən amerikalı mütəxəssislər bu sahədə azərbaycanlı həmkarları ilə müştərək əməkdaşlıq üçün hər zaman hazır olduqlarını bildiriblər. Həmçinin irəli sürülən bütün təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədi ilə gələcəkdə müqavilələrin imzalanması barədə razılığa gəlinib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, idarənin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: