Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2024 12:34
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Ruta graveolens L. - Ətirli sədo növü üzərində tədqiqatlar aparılıb

Dendrologiya İnstitutunda Ruta graveolens L. - Ətirli sədo növü üzərində tədqiqatlar aparılıb

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində becərilən Ruta graveolens L. növü üzərində tədqiqatlar aparılıb.

Azərbaycanın zəngin və rəngarəng bitki örtüyündə 800-ə qədər efir yağlı bitki formalaşmışdır. Efir yağları bitkilərin vegetativ və generativ orqanlarında toplanır. Efir yağları əsasən, tibbdə, aromaterapiyada, parfumeriyada, kosmetologiyada, qida sənayesində geniş istifadə olunur.

Tünd spesifik iyə malik olan Ruta graveolens L.- Ətirli sədo növü efir yağlı bitkilər arasında özünəməxsus yer tutur. Bitki çoxillik, bozumtul-göy rəngli olub, bütün hissələri nöqtə şəklində efir yağlı vəziciklərlə örtülmüşdür. Abşeronun quru subtropik iqliminə introduksiya olunan Ruta graveolens L. növünün zoğ və yarpaqları toplanaraq laboratoriya şəraitində hidrodistillə üsulu ilə efir yağı alınmışdır. Alınan efir yağının komponent tərkibi “Kristal”M markalı qaz xromotoqrafiyasında öyrənilmişdir. Analizin nəticəsinə əsasən növün efiryağının tərkibində olan  alfa pinen- 65,722 %, 1,8-cineol- 1,479 %, terpinen- 0,759% , cariophyllene- 0,667%, citronellol- 1,085% , nerol- 2,017%, geraniol-3,105%, geraniol-oleate-0,268%, 2-phenylethyl-tiglate-0,128%, maddələri müəyyən edilmişdir.

Ruta graveolens L.- Ətirli sədo növünün yerüstü hissəsində 0,5% - dən 1% - ə qədər efir yağı vardır. Bundan başqa tərkibində rutin, aşı maddələri, qatanlar, furokumarinlər və s. müəyyən edilmişdir. Efir yağının tərkibində Valerian və sirkə turşularının efirlərə, sineol, limonen və başqa terpenlər vardır. Alınan efir yağı açıq rəngli olur. Bitki zəhərli olduğu üçün toplayarkən ehtiyyatlı olmaq lazımdır. Xalq təbabətində bitkinin yerüstü çiçəkli hissələrini toplayıb qurudulur və çay dəmləyib mədə xəstəliklərində, sinir sistemini sakitləşdirici, ürək döyüntülərində, qan damarları xəstəliklərində kimi geniş istifadə olunur. Ruta graveolens L. - Ətirli sədo bitkisinin yerüstü hissəsi və ondan alınan ətirli efir yağı ətriyyat da, kosmetika məmulatlarının hazırlanmasında, əczaçılıq sənayesində, konyak istehsalında istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, Abşeron şəraitinə uyğunlaşmış Ruta graveolens L. - Ətirli sədo növündən alınan efir yağlarının sənayedə geniş istifadəsi məqsədəuyğundur.

Xəyalə ƏLİBƏYLİ, Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının elmi işçisi 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: