Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla örtülməsi, əraziyə verilmiş “Azərbaycan parkı” sözünün çıxarılacağı ilə bağlı ortaya atılan iddialar Fransanın insanlığa, mədəniyyət, incəsənətə, bəşəri dəyərlərə və ölkəmizə qarşı vandalizm aktının növbəti təzahürüdür.
Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən Elmi şurasının genişləndirilmiş iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına münasibət bildirərkən deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı Azərbaycan televiziyalarına dərin məzmunlu geniş müsahibəsində bu hadisəni vandalizm aktı kimi qiymətləndirib və hadisədən sonra tək Fransadakı deyil, Avropadakı diaspora nümayəndələrimiz, fəallarımız heykəlin qarşısında etiraz aksiyası keçiriblər.
Azərbaycan cəmiyyətinin, ziyalılarımızın da bu hadisəyə sərt reaksiya verdiyini deyən akademik İsa Həbibbəyli ictimaiyyət nümayəndələrinin Natəvanın heykəlinə qarşı təhqiramiz münasibəti qətiyyətlə pislədiyini, dünya mədəniyyətinə böyük töhfələrini vermiş, Qarabağda “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairimizə, mədəniyyət xadimimizin abidəsinə qarşı atılmış addımın, tək ölkəmizə deyil, eyni zamanda bəşəri mədəni irsə qarşı cinayət aktı kimi dəyərləndirildiyini vurğulayıb.
AMEA rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini, rəsmi Parisin məkrli şəkildə Ermənistana dəstək verdiyini, yeni müharibə toxumları səpməkdə olduğunu qəbuledilməz fakt kimi pisləyib. Bildirib ki, bu, Fransa dövlətinin Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfəri və ölkəmizin ərazi bütövlüyünü həzm edə bilməməsinin təzahürüdür.
Vətən müharibəsindən sonra Fransanın Ermənistanı cidd-cəhdlə silahlandırdığını deyən akademik İsa Həbibbəyli Fransanın başlıca niyyətinin Qafqazda yeni müharibə ocaqları yaratmaq olduğunu, bu düşüncənin Ermənistanı fəlakətə aparacağını söyləyib.
“Son illərdə Fransa Afrikadakı öz dayaqlarını itirir, yerli xalqlar Fransameyilli dövlət başçılarını ölkədən qovurlar. Fransa müstəmləkəçiliyi bu gün bütün dünyada, eləcə də Avropanın özündə etiraz doğurur. Bir sözlə, Fransa Afrikadan biabırcasına qovulur və orada itirdiyi dayaqlarını Qafqazda bərpa etməyə çalışır. Bunun üçün də ermənilərdən alət kimi istifadə edirlər. Lakin Prezident İlham Əliyev və Azərbaycan dövləti buna qətiyyətlə imkan verməyəcəkdir. Başda Türkiyə olmaqla digər region ölkələri və Türk dövlətləri də bu məsələdə qəti münasibətlərini bildiriblər”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.
Fransa prezidenti Emmanuel Makronun Fransada, eləcə də Avropada siyasi dəstəyini və imicini itirdiyini deyən natiq başda “Sarı jiletlilər” olmaqla, Fransa cəmiyyətinin özünün də Makronun siyasətinə qarşı ciddi etirazlarını bildirdiklərini vurğulayıb.
Xurşidbanu Natəvanın Azərbaycanın görkəmli qadın ziyalılarının ən görkəmli nümayəndələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli şairənin dünya irsinə öz töhfələrini verdiyini, “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu”nun isə 2023-cü ildə UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edildiyini xatırladıb. Bildirib ki, Xurşidbanu Natəvan Qafqaza səfər etmiş tanınmış fransız yazıçısı Aleksandr Dümanı evində qonaq edərək onunla şahmat masasının arxasında əyləşib, Azərbaycanın qonaqpərvərliyini, xalqımızın Fransa xalqına olan münasibətini göstərib, bütün bunların qarşılığında isə Fransada şairəmizin heykəli vəhşi münasibətlə üzləşib.
Akademik İsa Həbibbəyli, həmçinin ölkəmizdə Fransa ədəbiyyatı ilə bağlı önəmli tədqiqatların aparıldığını, fransız yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap edildiyini və bütün bunların xalqımızın, dövlətimizin yüksək bəşəri, mədəni dəyərlərin daşıyıcısı olduğunu bildirib.
AMEA prezidenti Viktor Hüqonun vətənində, Luvr kimi muzeyin, eləcə də UNESCO-nun Baş qərargahının yerləşdiyi ölkədə Natəvanın heykəlinə qarşı, mədəniyyətimizə qarşı göstərilən vandalizm aktını və Fransa prezidenti Emmanuel Makronun siyasətini qətiyyətlə pislədiyini bildirib, hadisəni törədənlərin layiqli cəzalarını almasını tələb edib.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin etiraz ideyasını ifadə edən çıxışları səsləndirilib. Həmçinin fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərinin tərcüməçisi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Natəvan haqqında yazılmış monoqrafiyanın müəllifi Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Qəribov, şairənin əsərlərinin tədqiqatçısı şöbə müdiri, professor Tahirə Məmməd və Azərbaycan-Fransa ədəbi əlaqələrinin araşdırıcısı institutun dissertantı Şəhla Qurbanova çıxış ediblər. Çıxışlarda Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktının Fransanın Azərbaycana qarşı kin-küdurətinin göstəricisi olduğu bildirilərək Azərbaycan-Fransa ədəbi əlaqələrindən danışılıb, Fransanın Evian-le ban bələdiyyəsinin üzr istəməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Fransa tarixən Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlarla bəşəriyyətə, insanlığa qarşı olan vəhşi münasibətini göstərib. Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qətiyyətli qələbədən sonra Fransadakı erməni diasporunun təzyiqləri nəticəsində rəsmi Parisin ölkəmizə qarşı münasibəti pisləşib və ötən müddət ərzində Fransanın rəsmiləri insanlıqdan uzaq, ədalətsiz qərarlar qəbul ediblər.
Həmçinin Natəvanın “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsinin şairənin bəşəri ideyaların daşıyıcısı olduğunu, lakin buna baxmayaraq şairənin abidəsinin Fransa tərəfindən insanlığa sığmayan rəftara məruz qaldığını vurğulayıblar.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində qazandığı tarixi Zəfərin və əldə etdiyi iqtisadi, siyasi uğurların artıq dünya tərəfindən qəbul olunduğunu, Azərbaycanın dünyaya sülh, ədalət, qarşılıqlı etimad, əməkdaşlıq təqdim etdiyini nəzərə çatdırmaqla bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz münasibət bildirənlər layiqli cəzalarını almalıdırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.