Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2024 11:16
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Elmi şurasının iclası keçirilib

Gəncə Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA Gəncə Bölməsinin Elmi şurasının genişləndirilmiş iclası keçirilib.

İclasa bölmənin, eləcə də müzakirələrdəki məsələlərə aidiyyatı olan, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən tədris-tədqiqat ocaqlarının rəhbərləri və əməkdaşları qatılıblar.

AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Elmi şuranın əsas müzakirə mövzusunun Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” məsələlərə və bu yöndə alim və tədqiqatçıların, eləcə də geniş ictimaiyyətin üzəridə düşən vəzifələrə həsr olunduğunu bildirib. Akademik Fuad Əliyev qeyd edib ki, Sərəncamın müddəalarında da deyildiyi kimi, ölkəmiz artıq müasir dünyanın etibarlı və məsuliyyətli üzvü kimi planetar problem olan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz əhəmiyyətli töhfəsini verir. Bu baxımdan, qədəm qoyduğumuz  “Yaşıl dünya naminə həmrəylik ili”ndə cəmiyyətimizin hər bir üzvü, ən vacibi isə ətraf mühitin qorunması sahəsində çalışan mütəxəssislərimiz bu tarixi məsuliyyəti dərindən dərk etməlidir.

Akademik Fuad Əliyev toplantıda iştirak edən mütəxəssiləri Gəncəni, eləcə də ümumən respublikanın Qərb bölgəsini özündə birləşdirən geniş bir coğrafi ərazidə ən vacib  ekoloji və iqlim problemlərinin aydınlaşdırılması və onların həlli istiqamətində elmi fəaliyyətlərinin səmərəliliyini artırmağa çağırıb.

Müzakirə edilən məsələlərin istiqamətləri üzrə çıxış edənlər ətraf mühitin qorunması, biomüxtəliflik, təbii resurslar, atmosfer çirklənməsi və digər bu kimi məsələlərdə mövcud olan həlli vacib tədbirlər üzrə öz mülahizə və təkliflərini bildiriblər.

Akademik Fuad Əliyev səslənirilən bu məsələlərin bölgəmiz üzrə əməli elmi konsepsiya  halında təqdim olunmasının vacibliyini qeyd edib.

Elmi şurada digər bir məsələ barədə Bölmənin elmi katibi Elnur Həsənov danışıb. O, 2024-cü il ərzində Bölmədə aparılacaq seminarların mövzularını və bu məsələlər üzrə çıxış edəcək əməkdaşların siyahısını təqdim edib. Mövzular Nizami Gəncəvinin irsinə, tarix, ədəbiyyat, sənətşünaslıq və digər elmi və ictimai əhəmiyyət kəsb edən məsələləri əhatə edib.

İclasda elmi tədqiqatlar üzrə birgə koordinasiya məsələlərinin səmərəliliyi baxımından  Elm və Təhsil Nazirliyinin tabeliyndə olan institutlar tərəfindən aparılan araşdırmalar və onların mövzuları üzrə aparılacaq seminarlar haqqında da məlumat verilib.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023- cü il tarixli Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında, eləcə də Məhımməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamlarından irəli gələn məsələlər haqda da danışan akademik Fuad Əliyev bu əlamətdar tarixin qeyd edilməsinə Gəncə alimlərinin də əhəmiyyətli töhfə verəcəklərini bildirib.

Elmi şuranın iclasında, həmçinin Bölmədə yeni Beynəlxalq əlaqələr şöbəsinin təsis olunması, sənədlərin arxivləşdirilməsi məsələsinə dair sədrin imzaladığı sərəncamdan irəli gələn işlər və bir sıra struktur dəyişiklikləri haqqında məsələlər də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: