AR ETN Dendrologiya İnstitutunun baş direktoru v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Bitki mühafizəsi laboratoriyasının müdiri b.ü.f.d. dosent Şaməddin Qəhrəmanov, Bitki sitstematikası laboratoriyasının müdiri b.ü.f.d., dosent, Ramiz Ələkbərov, Meşə ekosistemləri laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dosent Sevinc Quliyeva, Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri b.ü.f.d., dosent Afiq Qaziyev, elmi işçi Mirməhəmməd Babayev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva Zəngilan rayonu Oxçuçay ətraf ərazisinə ezam olunublar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar və 2024-cü ilin plan proqramına uyğun olaraq, elmi-tədqiqat işlərinin icrası üçün Zəngilan rayonu Oxçuçay ətraf ərazilərinin torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqi məqsədilə monitorinq təşkil edilib. Zəngilan rayonu Oxçuçay ətraf ərazisinin bitki örtüyünün kompleks tədqiqi, təbii dendrafloranın monitorinqinin aparılması, bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb.
Tədqiqat ərazisində yayılan aşağıda adları qeyd edilən dərman əhəmiyyətli bitkilər qeydə alınıb: Achillea millefolium L. (Adi boymadərən), Antennaria dioica L. Gaertn (Pişik dırnağı), Atropa caucasica Kreyer (Qafqaz xanımotu), Betula pendula Roth (Əyilən tozağacı), Capsella bursa-pastoris L. Medik (Quşəppəyi), Daphne mezereum L. (Canavargiləsi), Digitalis ferruginea L. (Üskükotu), Dryopteris filix mas L. Schott (Erkək ayıdöşəyi), Hyoscyamus niger L. (Qara bat-bat), Juniperus oblonga M.B. (Qafqaz ardıcı), Nasturtium officinale L. R.Br. (Dərman qıjısı), Origanum vulgare L. (Qaraqınıx), Rhamnus cathartica L. (Murdarça), Rosa canına L. (İtburnu), Sambucus ebulus L. (Otvari gəndalaş), Thymus nummularius M.B. (Kəklikotu), Thymus transcausicus Ronn (Zaqafqaziya kəklikotusu), Tilia cordata Mill (Ürəkvari cökə), Urtica dioica L. (İkievli gicitkan), Vaccinium myrtillus L. (Qaragilə) və s.
Zəngilan rayonu Oxçuçayın ekoloji göstəriciləri və ətraf ərazilərdə yayılan bitkilərdə sintez olunan xlorofilin ümumi miqdarı təyin edilib və bitki örtüyü sistematik tədqiq edilib. Bitki mühafizəsi laboratoriyası Zəngilan rayonu dendroloji bitkilərin xəstəlik törədicilərinin və zərərverici həşəratların müəyyən edilməsi, onlara qarşı elmi əsaslandırılma, ekoloji təhlükəsiz mübarizə üsullarından və vasitələrindən istifadə etməklə innovativ yönümlü mübarizə tədbirlərin hazırlanması istiqamətində müşahidələr aparılıb, təbii dendrafloranın bioekoloji xüsusiyyətləri araşdırılıb, bitkilərdə xəstəlik və zərərvericilərin müasir vəziyyətinin tədqiqi üzrə qeydlər edilib.
Oxçuçay ətraf ərazilərinin inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində dominant, subdominant növlərin müasir vəziyyətinin tədqiqi, biomüxtəlifliyin nadir növlərin təbii bərpasının təmin edilməsi araşdırılır. İqlim dəyişkənliyinin bitki örtüyünün taksonomik tərkibinə təsiri, bitki növlərinin təbii bərpası, genofondun bərpasının öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb, tədqiqat üçün nümunələr əldə edilib, əlverişsiz iqlim və antropogen amillərin meşə fonduna təsiri araşdırılır. Mərkəzləşdirilmiş eksperimental laboratoriyanın elmi əməkdaşları tərəfindən torpaq şoranlaşması, torpaq və hava temperaturu, havanın nisbi rütubəti, quraqlıq, yüksək və mənfi temperatur göstəriciləri və radiasiya fonunun dinamiki dəyişməsi, quraqlıq və şoranlaşma şəraitində ağac və kol bitkilərinin boy və inkişaf dinamikası, torpaqdakı duz ionlarının və yarpaqlarda xlorofilin miqdarının təyini istiqamətində laboratoriya şəraitində tədqiqatların davam etdirilməsi məqsədi ilə nümunələr götürülüb.
Torpaq-bitki örtüyü göstəriciləri kompleks tədqiq etməklə Oxçuçay ətraf ərazilərində təbii bitki növlərinin təhlili, areallarda bitkilərin populyasiya vəziyyəti, nadir və nəsli kəsilməkdə olan, relikt və endemik bitkilərin araşdırılması məqsədilə tədqiqat ərazilərindən əldə edilən mühüm nümunələr əsasında laboratoriyalarda təhlillər davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.