Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2025 10:00
  • A-
  • A
  • A+

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunda “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirə keçirilib.

Qeyd edək ki, “Çingiz Aytmatov və Azərbaycan” cildi Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları tərəfindən birlikdə hazırlanmaqdadır.

Müzakirədə Azərbaycan tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.f.d., dos. Mehman Həsənli, Qırğızıstan tərəfindən Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, layihənin koordinatoru fil.f.d., dos. Nurzina İsayeva və institut əməkdaşları iştirak ediblər.

Görüşdə ensiklopediyanın sözügedən cildinin sözlüyü müzakirə edilərək təsdiq edilib. Azərbaycan və Qırğızıstan tərəfindən məqalələrin müəllifləri müəyyənləşdirilib.

Akademik İsa Həbibbəyli bildirib ki, “Çingiz Aytmatov və Azərbaycan” cildi ilk növbədə Türk dünyasının böyük oğlu Çingiz Aytmatov irsinə olan münasibəti ifadə edir. Eyni zamanda Azərbaycan və Qırğızıstan Milli Elmlər akademiyalarının, Ədəbiyyat institutlarının birgə fəaliyyətinin yüksək əyani göstəricisi kimi əhəmiyyətlidir.

Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev çıxışında “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasına Bakıda başlandığını və burada, Bişkekdə hər iki institutun birlikdə müzakirə etməsinin əhəmiyyətindən bəhs edib. Ensiklopediyanın cildinin 2026-cı ildə Azərbaycan və qırğız dillərində çap edilməsinə qərar verilib.

Görüşdə həmçinin layihənin Azərbaycan koordinatoru fil.f.d., dos. Mehman Həsənli, Qırğızıstan tərəfindən koordinator fil.f.d., dos. Nurzina İsayeva, eləcə də fil.f.d. Aynura Kadırmammedova və Raziye Sırdbayeva çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: