Göyərçinlərin xüsusi istedadı aşkarlanıb. Amerika psixoloqları bu quşların tibbi təsvirlərin vizual qiymətləndirilməsində çox istedadlı olduqlarını müəyyənləşdiriblər. Daha dəqiq desək, onlar mikroskopik və mammoqrafik təsvirlərdə süd vəzisinin bədxassəli dəyişikliklərini müəyyən etməyi öyrənə bilirlər. Bu haqda "PLoS One" jurnalı yazıb.
Bundan əvvəlki tədqiqatlar göyərçinlərin insandan fərqli olaraq çox böyük vizual oriyentasiyaya və yaddaşa malik olduğunu üzə çıxarıb. Məlum olub ki, onlar hətta insan mimikalarını, əlifbanın hərflərini və müxtəlif rəssamların rəsmlərini bir-birindən ayıra bilirlər. Buna əsaslanan Riçard Levenson və həmkarları ilk dəfə 16 göyərçinə bədxassəli şişi sağlamdan ayırmağı öyrədiblər.
İlk eksperimentdə müvəffəqiyyətin səviyyəsi 85 faizə qədər qalxıb ki, bu da həkim-patoloqların nəticələri ilə (97 faiz) müqayisə edilə bilər.
İkinci eksperimentdə tapşırıq çətinləşdirilib. Bu dəfə mammoqrafiya təsvirlərində süd vəzi xərçənginin əlamətləri ola bilən kalsinozları müəyyən etmək öyrədilib. Göyərçinlər yenə də əvvəllər tanış olmayan şəkilləri düzgün seçməkdə 74 faizlik nəticə göstəriblər.
Alimlər qeyd edirlər ki, onlar göyərçinləri həkim-rentgenoloq kimi işə götürmək niyyətində deyillər, çünki gələcəkdə bu rolu robotlar ifa edəcək. Göyərçinlərin təcrübəsindən isə yeni diaqnostik texnologiyaların yaradılmasında istifadə olunacaq.