Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.01.2024 12:32
  • A-
  • A
  • A+

Botanika İnstitutunun doktorantı Türkiyədə elmi ezamiyyətdə olub

Botanika İnstitutunun doktorantı Türkiyədə elmi ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının elmi işçisi Aytac Muradova Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində ezamiyyətdə olub.

Səfərin məqsədi A.Muradovanın “Xəzərin (Azərbaycan hissəsinin) cənub sahillərinin makrofitlərinin sistematikası, bioekoloji xüsusiyyətləri və istifadəsinin elmi əsasları”  adlı  dissertasiya üzrə toplanmış yosun nümunələri üzərində elmi tədqiqat işinin aparılması olub.

A.Muradova ezamiyyət müddətində Dokuz Eylül Universitetində Xəzər dənizinin cənub sahillərindən (Lənkəran, Astara rayonları) 2022-2023-cü illər ərzində 15 təyinat nöqtəsindən toplanmış, identifikasiya olunmuş nümunələr üzərində tədqiqat aparıb. Tədqiq zamanı nümunənin ekstraktı alınıb, gümüş nanohissəciklər sintez edilib, yosun ekstraktının təsiri ilə alınmış gümüş nanohissəciklər xarakterizə edilib, kimyəvi və fiziki amillərin təsiri müəyyənləşdirilib. HPLC (yüksək effektivli maye xromatoqrafiya) üsulu ilə Ulva lactuca və Ulva compressa növləri müqayisəli şəkildə öyrənilib.

Sonda Botanika İnstitutunda A.Muradovanın təqdimatında elmi seminar keçirilib. Seminarda gənc doktorantın ezamiyyətinin nəticəsinə dair məruzəsi dinlənilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: