Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Dilqəm Tağıyevin APA-ya müsahibəsi:
- Prezident İlham Əliyev 28 iyul 2022-ci ildə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda AMEA-ya da bir sıra tapşırıqlar verilib. Bu istiqamətdə işlər davam etdirilirmi və hansı mərhələdədir?
- AMEA-da mütəxəssislər əvvəlki qaydada tədqiqatlarını aparırlar. O ki qaldı, elm və təhsilin inteqrasiyasının daha yüksək səviyyədə təşkilinə, bu, qarşıda duran mühüm məsələlərdən biridir. Buna görə də çalışmışıq ki, AMEA-da elmi bölmələrin fəaliyyətini daha da genişləndirək, təkcə akademiya institutları deyil, həm də ali məktəblərin müvafiq fakültələrinin elmi işlərini ümumi işə cəlb edək. Biz Kimya elmləri bölməsinin iclasında və bir çox iclaslarda universitetlərin nümayəndələrini dəvət edirik. Elm və təhsilin inteqrasiyası əvvəllər də bizdə var idi. Sadəcə, artıq elə bir mexanizm işləyib hazırlamaq lazımdır ki, sinergik effektə nail olaq. Yəni elm və təhsil inteqrasiya olunduqda, hər ikisinin səviyyəsi əvvəllər olduğundan daha yüksək olsun. Bu zaman təhsil də, elm də udmuş olacaq.
- AMEA nizamnaməsinin dəyişməsindən sonra Akademiyada hansı köklü dəyişikliklər olub, hansı problemlər həllini tapıb?
- Nizamnamənin əsas üstünlüyü ondan ibarətdir ki, Akademiyanın tabeliyində olan və AMEA-nın əhatə etdiyi institutların funksiyaları artıq müəyyənləşdirilib. Akademiyada olan elmi bölmələr hamısı saxlanılıb. Bölmələr ölkə üzrə aparılan elmi tədqiqatların koordinasiyası və onlara elmi-metodik dəstək verilməsi, köməklik göstərilməsi məsələləri ilə məşğul olur. Nizamnaməyə əsasən, ölkə elminin inkişafında elmi bölmələrin rolu ön plana çəkildi. Çünki nizamnamə təsdiq edilənə qədər qeyri-müəyyənlik var idi. Artıq aydındır ki, hər kəsin funksiyası nədir. Konkret məqsədlərimiz var və çalışacağıq ki, onları həyata keçirək.
Tutaq ki, bu institutları birləşdirdik, praktiki olaraq bircə direktor ixtisara düşəcək
- Kimya elmləri bölməsində hazırda 4 institut var - Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutu. Fərmanın imzalandığı dövrdə cəmiyyətdə çox müzakirələr aparıldı ki, AMEA-da təyinatı oxşar olan institutlar var. Bu məsələyə aydınlıq gətirə bilərik?
- Kimyanın sahələri o qədər çoxdur ki, bu institutları birləşdirməklə heç nə əldə etmək olmaz. Məsələn, Neft-Kimya Prosesləri İnstitutu neft kimyası ilə bağlı problemlərlə məşğul olur, Aşqarlar Kimyası İnstitutu aşqarların sintezi, alınması kimi mühüm məsələlərlə məşğul olur. Bu da ölkənin müdafiə qüdrəti üçün çox vacib tədqiqatlardır. Kataliz və Qeyri-üzvi Kimya İnstitutu da olduqca vacib elmi tədqiqatları, qeyri-üzvi materialşünaslığı, kimya mühəndisliyini, katalizator və adsorbentlərin yaradılmasını əhatə edir. Polimer Materialları İnstitutu polimer kimyası sahəsində tədqiqatlar aparır. Yəni bu institutların hər birinin profili ayrıdır. Tutaq ki, bu institutları birləşdirdik, praktiki olaraq bircə direktor ixtisara düşəcək. Digər tərəfdən, institutun çox böyük olması müasir dövrdə onun idarəçiliyini zəiflədir. Kimya institutlarının birləşdirilməsi heç cür məqsədəuyğun sayıla bilməz. AMEA-nın elmi bölmələri arasında ən çox patent alan bölmə Kimya elmləri bölməsidir.
- Elmin maliyyələşdirilməsi məsələsinə də toxunmaq istərdim. Hazırda AMEA-da elmin istehsalatla birləşdirilməsi üçün hansı işlər görülür?
- Bilirsiniz, elm var elm üçün, elm var cəmiyyət üçün, elm var sənaye üçün. Elmi ancaq məhsulyönümlü etmək, ancaq bazara tabe etmək düzgün olmaz. Bu il Kimya Elmləri Bölməsində təxminən 672 min manatlıq təsərrüf müqaviləli işlər görülüb. Digər bölmələrdə belə bir rəqəm yoxdur. Müdafiə Nazirliyi ilə əməkdaşlığımız var, burada tətbiq olunan elmi nəticələrimiz var. Məsələn, müəyyən reagentlərin alınması. Hazırda ona qədər tətbiq olunan iş var. AMEA-nın özünü maliyyələşdirməsini gözləsək, onda fundamental elmlər kənarda qalar. Tətbiqi elmi inkişaf etdirmək üçün fundamental elm lazımdır. İnkişaf etmiş ölkələrdə elmə ayrılan maliyyənin 60%-i tətbiqi elmə xərclənir. Amma onların əsas hissəsi hazır məhsulların istehsalına sərf edilir. Hazırda Azərbaycanda bizim əsas partnyorumuz Yüksək Texnologiyalar Parkıdır. Burada olan rezidentlərlə işlər görürük. Dünya təcrübəsi göstərir ki, laboratoriya işlərinin nəticələrini bazara böyük şirkətlərin laboratoriyaları çıxara bilir. Bir elmi tədqiqat işində olan elmi nəticənin bazara çıxarılmasına qədər bütün mərhələlərin hamısını keçmək təkcə elmi institut üçün mümkün deyil. Bunun üçün münasibətlər yaratmağa çalışırıq. Məsələn, müxtəlif təşkilatlardan bizə müraciətlər olur. Onları yerinə yetiririk. Biz istəyirik ki, bunlar yüksək səviyyədə olsun. Amma hazırda təəssüf ki, biznes elmi tədqiqat üçün vəsait ayırmır. Hazır məhsul üçün maliyyə ayırır. Bir elmi tədqiqat institutunda məhsulu əldə etmək üçün çox sayda tədqiqatlar aparılmalıdır. Bu mövzuda problem təkcə elmi qurumlardan qaynaqlanmır.
Elə bir yüksək səviyyəli qurum yaratmaq lazımdır ki, orada həm elm, həm təhsil, həm dövlət qurumları, həm də biznes nümayəndələri təmsil edilsin. Bu qurum qanunvericilik əsasında birgə fəaliyyət göstərsin və qərar qəbul etsin. Məsələn, Sinqapurda belə bir Ali Şura var. O birbaşa Baş nazirə tabedir. Əsas sifarişçi də odur. Başqa ölkələrdə də belə təcrübə var.
- “Karbon 14” testinin həyata keçirilməsi üçün təminat nəzərdə tutulub?
- Obyektlərin yaşını “Karbon 14” izotopu ilə müəyyən etmək çoxdan istifadə edilən bir üsuldur. Lakin bunun üçün tələb olunan avadanlıq bizdə yoxdur. Qarşımızda duran problem avadanlığın vaxtında alınmamasıdır.
- Kimya elmləri sahəsində bir çox elmi nəticənin patentləşdirildiyi haqda məlumat var. Hazırda neçə elmi nəticə patentləşib? Patent alan elmi istiqamətlər hansılardır?
- Ötən il bölmə üzrə elmi müəssisələr tərəfindən patent almaq üçün 48 iddia sənədi verilib. Hazırda 61 patent ekspertizadadır. 40 patent isə artıq alınıb. Onlardan bəziləri məxfi patentlərdir. Məsələn, xüsusi təyinatlı texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən yeni motor yağı yaradılıb.
Beynəlxalq patentlərin alınmasına gəldikdə isə bununla əlaqədar problemlərimiz var. Bunun üçün çoxlu vəsait lazımdır. Akademik institutların buna gücü çatmır. Beynəlxalq patentlərin alınması, saxlanılması maliyyə ilə bağlı problemləri qarşımıza çıxarır.
Sərsəng su anbarında bu istiqamətdə tədqiqatlar planlaşdırılır
- İşğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqat işləri barədə məlumat verə bilərsiniz?
- Qarabağ torpağı mineral xammal ilə çox zəngindir. Minalanmış ərazilərin olması səbəbi ilə bu mövzuda geniş tədqiqatlar apara bilmirik. Lakin gələcək planlar arasında Qarabağın zəngin mineral xammal ehtiyatlarının öyrənilməsi də var.
Xankəndidə Qarabağ Universitet yaradılır. Gələcəkdə ola bilər ki, buna paralel olaraq AMEA-nın Qarabağ elmi bölməsi yaradılsın. Bu, gələcək planlarda var. Bu ərazilərdə müəyyən bir baza yaradılmalıdır. Bu baza əsasında da elmi bölmə yaradılmalıdır. Ümumiyyətlə, Qarabağ elmi bölməsinin yaradılmasına ehtiyac var. Qarabağ universiteti ilə birlikdə bu, gözəl bir tandem olacaq.
Müxtəlif reagentlər və gübrələrin alınması ilə bağlı patentlər alınıb. Qarabağ ərazisində boy stimullaşdırıcı maddələr və reaktivlər sınaqdan keçirilib. Bu işlər orada yaşıllığın artırılmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə olan hidrotexniki metal qurğuların korroziyaya uğramasının qarşısını almaq və mühafizə etmək üçün üsullar təklif olunaraq hazırlanır. Hazırda tədqiqatlar aparılır. Ezamiyyətlərimiz olur, ölçmələr həyata keçirilir. Məsələn, hazırda Sərsəng su anbarında bu istiqamətdə tədqiqatlar planlaşdırılır.
Kimya sahəsində 2023-cü ildə Nobel alan alimlərin tədqiqatlarının bünövrəsi 40 il bundan əvvəl qoyulub
- Nobel qardaşlarının sərvətlərinin 12-17 faizinin və hətta bir qədər çox hissəsinin Azərbaycan nefti hesabına formalaşdığına baxmayaraq, niyə Azərbaycan alimləri Nobel mükafatına layiq görülmür? Bu istiqamətdə hansısa tədbirlər nəzərdə tutulub?
- “Niyə Nobel mükafatı yoxdur?” - bunu demək asandır. Məsələn, kimya sahəsində 2023-cü ildə Nobel alan alimlərin tədqiqatlarının bünövrəsi 40 il bundan əvvəl qoyulub. Müasir işlərə Nobel mükafatı verilməsi üçün müəyyən vaxt lazımdır. Heç kim birdən-birə Nobel almır. Nobel alan alimlər bu mükafatı alana qədər nə qədər mükafatlar alıblar. O qədər başqa mükafatlar var ki…
Biz o adamı işə götürəndə görürük ki, kimyanı zəif bilir
- Fərmandan irəli gələn məsələlərdən biri də elmlə təhsilin inteqrasiyası məsələsi idi. Bu mövzuda yeniliklər varmı? Dərsliklərin hazırlanması, kadr hazırlığı işləri ilə bağlı hansısa dəyişikliklər var?
- Elm və təhsilin inteqrasiyası onsuz da var idi. İndi yeni mexanizmlər işləmək lazımdır. Məsələn, akademiyada magistratura var idi. O artıq ləğv edilib. Magistratura təhsili verilib ali məktəblərə. Bütün tədris prosesini ali məktəblər aparır, magistr işinə rəhbərliyi isə akademiya həyata keçirir. Burada elmi işlər aparırlar, laboratoriyada işləyirlər. AMEA-nın öz magistraturasının olması gələcək potensiallı kadrların hazırlanması üçün önəmli idi. Hazırda magistratura qəbulunda da ciddi narahatlıq yaradan məqam var. İxtisas üzrə suallar yoxdur. Tutaq ki, tələbə kimya üzrə qəbul olur. İmtahan suallarının 50%-i məntiq, 25%-i informatika, 25%-i isə fəlsəfədir. Kimya yoxdur. Bu qaydalara yenidən baxmaq lazımdır. Bununla xüsusi orqanlar məşğul olmalıdır. Bu sahədə müəyyən dəyişikliklərə ehtiyac var. Biz də o adamı işə götürəndə görürük ki, kimyanı zəif bilir. Sonra onu yetişdiririk. Lakin onu elmi tədqiqatçı səviyyəsinə çatdırmaq çətindir.