Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2024 16:32
  • A-
  • A
  • A+

“Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi” mövzusunda dəyirmi masa keçirilib

“Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) görkəmli ictimai-siyasi xadim Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi qeyd edilib.

“Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi” mövzusunda keçirilən dəyirmi masada Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və ədəbi-publisistik irsi barədə ətraflı məlumat verib. O, Azərbaycanda yaranan milli oyanışın, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsinin, eləcə də getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfkurəsinin Rəsulzadənin milli siyasi görüşlərinin formalaşmasına təsirindən danışıb.

Sonra Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi professor Firədun İbrahimov “Məhəmməd Əmin Rəsulzadə barədə avtobioqrafik oçerk” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli fəaliyyətindən, onun istiqlal, azadlıq uğrunda mübarizəsindən, Azərbaycanın ictimai-fikir tarixindəki yerindən bəhs edib. O, ictimai-siyasi xadimin publisistik, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutuduğunu bildirib. Professor Firədun İbrahimov qeyd edib ki, Rəsulzadə dövlətin böhrandan qorunmasında mühüm rol oynayan, istiqlalın saxlanması naminə mücadilə aparan görkəmli şəxsiyyətlərdən olmuşdur.

“Cümhuriyyət Məhəmməd Əmin Rəsulzadə siyasi realizminin nəticəsidir” mövzusunda məruzəsini təqdim edən Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov Rəsulzadəni böyük siyasətçi kimi şərh edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: