Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

14.02.2024 14:45
  • A-
  • A
  • A+

Qobustanda qədim insan təsvirləri

Qobustanda qədim insan təsvirləri

Təqribən 14 min il əvvəl başlanan Mezolit dövründə insanların məişət və təsərrüfat həyatında nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Azərbaycanda bu dövrün ən möhtəşəm abidəsi Qobustan arxeoloji kompleksidir. Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasındakı qayaüstü təsvirlər, qədim insan düşərgələri, Tunc dövrü kurqanları və başqa tarixi abidələrlə zəngin olan arxeoloji rayondur.

Qobustan qayaüstü təsvirlərində ən qədim petroqliflər Mezolit dövrünə aiddir. Lakin bəzi tədqiqatçıların fikrincə, Qobustanda üst Paleolitə aid nümunələr də vardır. Gələcəkdə aparılacaq tədqiqatlar bu məsələyə daha geniş aydınlıq gətirəcəkdir.

Qobustanın zəngin qayaüstü təsvirləri sırasında insan rəsmləri xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Qobustanda Mezolit və Neolit dövrünə aid təsvirlər sırasında insan rəsmləri çoxluq təşkil edir.

Mezolit dövrü antropomorf təsvirlərin xüsusiyyətləri haqqında danışarkən demək olar ki, insanın real ölçülərə yaxın siluet və kontur rəsmləri oyma və qazma üsulla ayaq üstə, anfas, geniş açılmış ayaqlar, ətək örtükləri ilə təsvir olunmuşlar. Kişi rəsmlərinin bədənləri hündür, qamətli, çiyinləri orta ölçülü təsvir edilmiş, baş-boyun kiçik çıxıntı şəklində, əlləri nazik xətlərlə göstərilib. İri baldırları qabağa çıxan ayaqları yoğun və güclü, dizlərdən azca qatlanmış formada təsvir olunmuşdur.

Qadın fiqurları isə anfas, ayaq üstə boyu bərabərində göstərilmişdir. Qadın bədəninin əlamətləri qabarıq təsvir olunmuşdur, başları kiçik çıxıntı şəklində bilavasitə sinəsinin üstündən başlayır. Qadın fiqurları əsasən 125-140 sm arasındadır. Çiyinləri üzərindən çəpəki kaman aşırılmışdır ki, bu da qadınların silahdan istifadə etmək bacarığını və onların ovda iştirak etdiyini sübut edir.

Qadın obrazlarının təsviri qadının məhsuldarlıq ilahəsi kimi təsvir olunduğunu göstərir. Ümumiyyətlə, ibtidai insanlar qadına yaradıcı qüvvə, bolluq rəmzi kimi baxırdılar. Bu da daş dövrü üçün xarakterik xüsusiyyətdir.

Qobustanın tədqiqatçılarından Cəfərqulu Rüstəmov 1994-cü ildə nəşr etdirdiyi kitabda abidədə aşkar edilmiş siluet qadın təsvirlərini ən qədim mərhələyə, kişi təsvirlərini isə sonrakı dövrə aid edir. Müəllif qadın təsvirlərini iki tipə ayırır: yandan və qarşıdan çəkilmiş təsvirlər. C.Rüstəmov birinci qrupa aid təsvirləri Üst Paleolit dövrünə, ikinci qrupa aid təsvirləri isə Mezolit dövrünün inkişaf mərhələsinə aid edir.

Qobustanda ən qədim sahə olan Kiçikdaşda qeydə alınmış insan təsvirlərindən bəhs edən C.Rüstəmov və F.Muradova 2008-ci ildə nəşr edilən kitabda onları daha qədim rəsmlərdən – öküz təsvirlərindən sonrakı mərhələyə aid edirlər. Onların fikrincə, Kiçikdaşda kişilərin ən qədim rəsmləri kiçik ölçülü olub, düz xəttlərlə icra edilib və bəsitdirlər. Qadın təsvirləri isə kölgəvari döyülmüş rəsmlərdən ibarətdir. Tədqiqatçılar Böyükdaşdakı kişi təsvirlərini Mezolit, Kiçikdaşdakı belə təsvirləri isə Üst Paleolit dövrünün sonuna aid edirlər.

Qobustanın qayaüstü təsvirləri barədə geniş təsnifatı A.A.Formozov da vermişdir. Onun Qobustan qayaüstü təsvirləri haqqında yazdıqlarına görə, Böyükdaş dağında bir-birinin üzərinə müxtəlif üslubda təsvirlər çəkilmişdir. Çox güman ki, Qobustandakı birinci kompleks təsvirlər erkən Mezolit dövrünə, ikinci isə son Mezolit dövrünə aiddir.

Realistik üslubda və təbii boyunda təsvir olunan insanları, əsasən ov səhnələrinin əks olunduğunu nəzərə alaraq, Qobustanda məskunlaşmanın Mezolit dövründən başladığını söyləmək olar. Belə ki, sonrakı dövrdə artıq şəkillər kiçilir, həkk edilmə üslubu, təsvirlərin mövzusu dəyişilir ki, bu da insanların dünyagörüşünün artmasının, məşğuliyyətinin geniş diapazonu əhatə etməsini sübut edir.

Beləliklə, görürük ki, Qobustan bütün dünyada minilliklər boyu davam edən fasiləsiz həyatın əlamətlərini özündə əks etdirən unikal bir tarixi abidədir. Belə ki, burada tədqiq olunmuş qayaüstü təsvirlər, qədim insan düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları (daş alətlər, təsərrüfat və məişət əşyaları, gil  qablar, bəzəklər və s.) tariximizin uzun bir dövrünü araşdırmağa imkan verir. Lakin heç şübhəsiz ki, gələcəkdə aparılacaq tədqiqatlar Qobustanın hələ məlum olmayan çox sirlərinin də açılmasına səbəb olacaqdır. 

Mətanət HÜSEYNOVA, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: