Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2024 14:30
  • A-
  • A
  • A+

Tarix Muzeyində polşalı mühəndis Vitold Zqlenitski haqqında kitabın təqdimat mərasimi keçirilib

Tarix Muzeyində polşalı mühəndis Vitold Zqlenitski haqqında kitabın təqdimat mərasimi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə polşalı ixtiraçı, geoloq Vitold Zqlenitskiyə həsr olunmuş “Polşalı Nobel” adlı kitabın (Azərbaycan və ingilis dillərində. Müəllif: Polşa ictimai xadimi, professor Andjey Yan Xodubski) təqdimat mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru akademik Nailə Vəlixanlı, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru s.ü.f.d., dosent Şirin Məlikova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, AMEA-nın əməkdaşları, Bakıdakı “Polonya” Mədəni Əlaqələrin İnkişaf İctimal Birliyi, səfirliyin, muzeyin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Nailə Vəlixanlı qonaqları salamlayıb, Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı mühəndis Vitold Zqlenitskinin həyat və fəaliyyətinə həsr olunmuş kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib.

Sonra Polşa Respublikasının səfiri Rafal Poborski çıxış edərək Azərbaycan-Polşa tarixi-mədəni əlaqələrini vurğulayıb.

Daha sonra sözügedən kitabı polşa dilindən Azərbaycan dilinə tərcümə edən Samir Səttarov çıxış edib, Vitold Zqlenitskinin həyatı və nailiyyətləri haqqında mühazirə deyib. S.Səttərov çıxışında qeyd edib ki, Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub və 1891-ci ildən vəfatına qədər burada çalışıb. V.Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürmüşdür. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar - neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha dərin qazmağa imkan verən texniki həllər hazırlamışdır. V.Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olmuşdur. Onu “Bakı neftinin atası” adlandırırdılar, çünki onun geoloji fəaliyyəti və ixtiraları Bakıda neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib: V.Zqlenitskinin ictimai fəaliyyətini də xatırlamağa dəyər. Məsələn, Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. V.Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya müharibəsinin başlaması ilə dayandırılıb. Rusiyada 1917-ci il inqilabından sonra V.Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi. V.Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn edilib”.

Tədbirin sonunda yeni nəşr olunmuş kitablar qonaqlara hədiyyə edilib və xatirə fotosu çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: