Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2024 17:16
  • A-
  • A
  • A+

Yaponiyanın Xokkaydo Universitetinin professoru Əlyazmalar İnstitutunda elmi tədqiqat aparıb

Yaponiyanın Xokkaydo Universitetinin professoru Əlyazmalar İnstitutunda elmi tədqiqat aparıb

Yaponiyanın Xokkaydo Universitetinin Slavyan və Avrasiya Araşdırmaları Mərkəzinin professoru, tarix ü.f.d. Narixiro Naqanava AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olub.

Qonaq əvvəlcə institutun direktoru, akademik Teymur Kərimli ilə görüşüb, yaradılan elmi tədqiqat imkanları üçün institut rəhbərliyinə öz minnətdarlığını bildirib. Yaponiyalı alim nəzərə çatdırıb ki, onun əsas tədqiqat istiqaməti Rusiya İmperiyası müsəlmanlarının tarixidir. Bu məqsədlə o, iki həftə müddətinə ezam olunduğu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda müvafiq mövzu üzrə saxlanılan arxiv sənədləri və əlyazma nüsxələri ilə yaxından tanış olmaq niyyətindədir. Əlyazmalar İnstitutunun direktoru alimə elmi fəaliyyətində uğurlar diləyib və bu məqsədlə institutun Şəxsi arxiv fondunda mahafizə olunan materiallar üzərində tədqiqat işləri aparması üçün müvafiq tapşırıqlar verib.

Daha sonra yaponiyalı alim Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova, onu Azərbaycana dəvət edən həmin şöbənin aparıcı elmi işçisi tarix ü.f.d., dosent Aynur Hacıqədrli və böyük elmi işçisi Səadət Mürşidova ilə görüşüb. Şöbə əməkdaşları tarix ü.f.d. Narixiro Naqanavanı Türkdilli əlyazmaların əlifba kataloqu ilə tanış ediblər. Səadət Mürşidova layihə koordinatoru kimi qonaq Əlyazmalar İnstitutunda olduğu müddətdə onun ölkənin digər elmi-tədqiqat müəssisələri, kitabxana və ev muzeyləri ilə əlaqəsini təmin edib, Bakı şəhərində yerləşən tarixi abidələri ziyarət etməsinə köməklik göstərib. Alim qeyd olunan şöbənin əməkdaşlarının yardımı ilə xeyli tədqiqat materialı topladığını və gələcək araşdırmalarında onlardan faydalanacağını nəzərə çatdırıb.

Professor Narixiro Naqanava, həmçinin institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva və həmin şöbənin aparıcı elmi işçisi fil.e.d., dosent Nəzakət Məmmədli ilə də görüşüb. Alimlər qonağa onun maraq dairəsində olan və institutda mühafizə edilən yazılı abidələr, müasir Rusiya ərazisində tarixən yaşayan türk xalqlarının mədəniyyəti ilə bağlı şöbədə yerinə yetirilən tədqiqat işləri barədə də ətraflı məlumat veriblər.

 

Qeyd edək ki, professor Narixiro Naqanava AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan zəngin sənəd fondu və arxiv materialları əsasında xüsusi monoqrafiya yazmaq niyyətindədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: