Fevralın 26-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
İclası giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Xocalı soyqırımının dəhşətli faciə kimi yadda qaldığını bildirib. Alim söyləyib ki, ermənilərin Azərbaycan xalqına qarşı qəddarlığı artıq bütün dünyaya bəyan edilib. Erməni qəddarlığının dünyaya çatdırılmasında dövlətimiz bütün zəruri addımları atıb. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları da bu istiqamətdə öz üzərinə düşən vəzifəni hər zaman layiqincə yerinə yetirib. Belə ki, 2015- ci ildə üç dildə “Azərbaycan və dünya incəsənətində soyqırım mövzusu” adlı kitab-albom və 2016-cı ildə həmin mövzuda bir neçə institut əməkdaşının müəllifi olduğu monoqrafiya dərc olunub.
“Bu il biz Xocalı soyqırımının 32-ci ildönümünü qeyd edirik. Lakin son dörd ildə Xocalı soyqırımının anım günü əvvəlki illərdən fərqli olaraq qeyd edilir. Artıq dörd ildir ki, Qarabağ torpağı işğaldan azad olunub. 2023-cü ilin oktyabr ayının 15-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Xocalıya bayraq sancdığı gündən etibarən isə Xocalı tam azad olunub. Artıq Xocalı şəhidlərinin ruhu şaddır”, - deyə Ərtegin Salamzadə vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini sənətşünaslıq ü.f.d., dosent Xəzər Zeynalov “Təsviri sənətdə Qarabağ mövzusu: dünəndən bugünə” adlı məruzə ilə çıxış edib. Dosent X.Zeynalov söyləyib ki, builki anım mərasimi Xocalının tam azad olunması səbəbindən kədərimizi bir qədər azaldır. O, Xocalı soyqırımının Qarabağ faciələrinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bu mövzuda Elçin Muxtarovun “Ana fəryadı” heykəlindən, Vaqif Ucatay, Nazim Məmmədov, Asif Azərelli və digər rəsssamların dərin emosional hisslərlə yaratdıqları kompozisiyalardan və həmin əsərlərdə mövcud olan rəngkarlq məharətindən bəhs edib.
Daha sonra İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya ü.f.d., dosent Yeganə Əliyeva “Tarixi zəfər Xocalıda Azərbaycan bayrağını dalğalandırdı” adlı məruzəsini təqdim edib. Məruzə iştirakçıların marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.