Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə görüşüb.
Görüşdə BDU-nun rektoru Elçin Babayev TÜBİTAK-ın gördüyü işlərin həcmini və effektivliyini yüksək qiymətləndirib, onun Türkiyənin qısa müddətdə texnoloji sahədə yüksək sürətlə irəliləməsinə səbəb olan əsas qurumlardan biri kimi xarakterizə edib. Rektor diqqətə çatdırıb ki, büdcəsi, maliyyələşmə mexanizmi, ekspertiza sistemi, layihələrin qiymətləndirilməsi üsulları, beynəlxalq miqyasda əməkdaşlığa üstünlük verməsi TÜBİTAK-ı qardaş ölkənin mühüm strukturlarından biri edib. BDU indiyədək TÜBİTAK-ın 7 layihəsində iştirak edib. Hazırda TÜBİTAK-la 3 layihə həyata keçirilir. Bunlar riyaziyyat, kimya və biologiya istiqamətlərini əhatə edir.
Hasan Mandal isə çıxışında iştirakçılara qurumun missiyası, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, elm sahəsində insan resurslarının yetişdirilməsi hər iki qardaş ölkə üçün vacib məsələdir: “Azərbaycanla Türkiyənin ən böyük gücü gənc insan resurslarıdır. Alimlərimizin, tədqiqatçılarımızın və gənclərimizin birlikdə işləməsi, təkcə günümüzün deyil, dövlət başçılarımızın bizə verdiyi ümumi strateji hədəflərə uyğun olaraq gələcəyin ehtiyaclarını müzakirə etməsi vacib məsələdir”.
O, TÜBİTAK üçün qlobal çağırışlara dair elmi tədqiqatların prioritet olduğunu bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərarın qürurverici olduğunu qeyd edən Hasan Mandal TÜBİTAK-da qlobal istiləşmə, su qıtlığı ilə mübarizə, yaşıl texnologiyalarla bağlı layihələrə üstünlük verildiyini bildirib. TÜBİTAK-ın prezidenti, həmçinin ötən il “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında BDU komandalarının I və III yerləri tutduğunu xatırladıb, tələbələri bu il keçiriləcək festivalda fəal iştirak etməyə çağırıb.
Sonda Hasan Mandal BDU-nun professor-müəllim heyəti və tələbələrinin suallarını cavablandırıb.