Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2024 15:02
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda professor Nizami Xudiyevin 75 illik yubileyi qeyd edilib

Dilçilik İnstitutunda professor Nizami Xudiyevin 75 illik yubileyi qeyd edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, mərhum professor Nizami Xudiyevin  75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə professor Nizami Xudiyevin əsərlərinin təqdim edildiyi sərgi təşkil olunub.

Tədbirdə alimin ailə üzvləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Dilçilik İnstitutun direktoru professor Nadir Məmmədli Nizami Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, Nizami Xudiyev 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib. O, ölkəmizin əsas və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.

İclasda  Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Müzəffəroğlu “Nizami Xudiyevin yaradıcılıq istiqamətləri”, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova  “Nizami Xudiyev və ədəbi dil tarixi məsələləri”, dosent Qətibə Quliyeva “Dilçilikdə Nizami Xudiyev fenomeni” adlı məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla qiymətləndirilib. Azərbaycan Ali Sovetinin fəxri fərmanı (1982), "Araz" (1992), "Nailiyyət" (1995), "Akademik Yusif Məmmədəliyev adına medal və mükafat" (1996), "İnam" (1997), "Vətən" (1998), "Qızıl Qələm" (2001), "Abdulla Şaiq" (2001), "Həsən bəy Zərdabi" (2004), Respublika "Vektor" Beynəlxalq Elm Mərkəzinin "İlin ziyalısı" Beynəlxalq diplomu (2004), "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı (2012), "Türk dilinə xidmət" ödülü (2004) və sair mükafatlara layiq görülübdür.

Tədbirdə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent İradə Kərimova, baş müəllim dosent Vaqif İsrafilov Nizami Xudiyevlə bağlı xatirələrini bölüşüblər.

İclasda, həmçinin professorlar Sayalı Sadıqova, İlhami Cəfərsoy, İsmayıl Məmmədli, Sevil Mehdiyeva, dosent Füzuli Mustafayev çıxış ediblər. Bildiriblər ki, Nizami Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı da əbədidir, dönməzdir.

Sonda alimin qızı ATU-nun müəllimi, həkim Aytən Xudiyevə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: