Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib.
Sonra Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü İlham Şahmuradov çıxış edərək “Xərçəng genləri və onların təsnifatı”, “Kodlaşdırmayan drayver mutasiyaları və onların genom üzrə paylanması”, “Promotor mutasiyaları və xərçəng xəstəliyi” barədə bir sıra məqamlara toxunub. O qeyd edib ki, “xərçəngi törədən gen/xromosom mutasiyaları əksər hallarda generativ hüceyrələrdə deyil, yalnız müəyyən somatik hüceyrələrdə yaranır. Belə görünür ki, təkamül insanları xərçəngdən qoruyan davamlılıq genlərinə üstünlük vermişdir”.
Məruzə dinlənildikdən sonra Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, institutunun icraçı direktoru b.e.d. Kərim Qasımov, b.ü.f.d., dos. Sevinc Cəfərova, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova, k.e.i. Banu Ağamalıyeva çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.