Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan tarixində İlham Əliyev epoxası
11.03.2024 12:30
  • A-
  • A
  • A+

Azərbaycan tarixində İlham Əliyev epoxası

Savaşın informasiya təminatı, müharibə dövrü diplomatiyası

Prezident, Ali Baş Komandan İlham Əliyev mü­haribənin informasiya təminatını da öz üzərinə gö­türdü. Müharibənin gedişi zamanı dünyanın 30-dək nüfuzlu media nümayəndələrinə müsahibələr ver­di. İstisnasız olaraq, onların bəzən təxribat xarak­terli sualları daxil, hər bir məsələyə aydınlıq gətirdi. Müharibənin başlama səbəbləri, Türkiyənin iştirakı, sonrakı addımları hərtərfli şəkildə izah etdi.

Dövlət başçısı İlham Əliyev müharibə dövründə Türkiyə, Rusiya, Fransa və digər dövlətlərin liderləri ilə 17 dəfə telefon əlaqəsi saxlayaraq, Azərbayca­nın haqlı mövqeyini izah etmişdir. Azərbaycana ilk mənəvi dəstək verən Türkiyənin rolu olduqca əhə­miyyətli olmuşdur. Müharibə dövründə yeni məzmun kəsb edən Azərbaycan–Türkiyə dostluq münasibət­ləri, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq əlaqələri 2021-ci ilin iyununda imazalanan Şuşa Bəyannaməsinin bünöv­rəsi olmuşdur.

Prezidentin fəal diplomatik səyləri nəticəsində müharibənin gedişində Azərbaycanı dəstəkləyən dövlətlər sisteminin formalaşdırılmasına nail olun­muşdur. O, 30 sentyabr 2020-ci ildə hospitalda yaralı hərbçilər ilə görüş zamanı demişdir: “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbay­can da hər zaman Türkiyənin yanındadır! Mən ar­tıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanat­lar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər”.

Ölkə rəhbəri İlham Əliyevin müharibə dövrü dip­lomatiyasının əsas yeniliyi ondan ibarət idi ki, o sadə­cə diplomatiya deyil, hərbi-diplomatik səciyyə kəsb etmişdir. Bunun göstəricisi onda idi ki, Prezident qalib tərəf kimi müharibənin dayandırılmasına dair öz konseptual baxışını irəli sürmüşdür. O, 2020-ci il oktyabrın 4-də xalqa müraciətində Ermənistanın Azərbaycan ərazisindən çıxmasını, onun ərazi bü­tövlüyünü tanımasını, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılmasının qrafikinin verilməsini irəli sürmüşdür.

Prezidentin hərbi-siyasi dühası bu şərtləri vax­tında qəbul etməkdən imtina edən Ermənistanı ka­pitulyasiya həddinə çatdırmış, onu təslim olmağa məcbur etmişdir. Prezident qeyd edirdi ki, “Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı”.

Ermənistanın birinci kapitulyasiyası

10 noyabr 2020-ci il tarixdə Azərbaycan Res­publikasının Prezidenti, Ermənistan Respublikası­nın Baş naziri və Rusiya Federasiyasının Prezidenti birgə bəyanat imzaladılar. Bəyanat 9 maddədən ibarət idi. Birinci maddəyə görə atəşkəs elan olunur və hərbi əməliyyatlar dayandırılırdı. İkinci maddə 20 noyabrda Ağdam rayonunun Azərbaycana qaytarıl­masını nəzərdə tuturdu. Üçüncü və dördüncü mad­də Rusiya Federasiyasının Qarabağın dağlıq hissəsi üzrə təmas xətti və Laçın dəhlizi boyunca sülhmə­ramlı kontingentinin yerləşdirilməsi və onların qalma müddətini tənzimləyirdi. Beşinci maddəyə görə, sülh-məramlı mərkəzi yaradılmalı idi. Altıncı maddə Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonla­rının qaytarılmasını və Laçın dəhlizi ilə bağlı rejimi nəzərdə tuturdu. Yeddinci maddə məcburi köçkün və qaçqınlara, səkkizinci maddə hərbi əsir və girovlar haqqında idi. Sonuncu, doqquzuncu maddə Azər­baycan Respublikasının qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat təhlükəsizliyinə (sonralar Zəngəzur dəhlizi adını almışdır) zəmanət verilməsinə aid idi.

10 noyabr Bəyanatı ilə Ermənistan Azərbaycan qarşısında kapitulyasiyaya məcbur edildi. Qarşıda 19–20 sentyabr 2023-cü il lokal antiterror əməliyyatında Ermənistanın daha bir kapitulyasiyası olduğu üçün, 10 noyabr Bəyanatı birinci kapitulyasiya idi.

Azərbaycanın hərbi strategiya və taktikası

Ali Baş Komandan kimi Prezident İlham Əliyevinfəaliyyəti, onun Zəfər strategiya və taktikası həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək dəyərləndirilmişdir. Müharibədə əldə edilən əzmkar qələbəyə görə, Ali Baş Komandan İlham Əliyev xalq içərisində “Müzəffər Ali Baş komandan” titulu qazan­mışdır. İlham Əliyev dünya hərb tarixində ölkəsinin silahlı qüvvələrinə bilavasitə rəhbərlik edərək, onu qələbəyə aparan nadir liderlər sırasındadır. Onun bu istiqamətdəki fəaliyyəti Azərbaycanın hüdudların­dan kənara çıxaraq, dünya hərb sənətinə də ciddi təsir göstərmişdir.

Azərbaycanın hərbi təcrübəsi ən qısa müddətdə ümumiləşdirilərək, ali hərbi məktəblərdə tədris edil­məyə başlandı. Dövlət başçısı 23 dekabr 2020-ci ildə Qubadlıya səfəri zamanı bu məsələyə diqqəti cəlb edərək demişdir: “Müharibə zamanı gördüyü­müz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəb­lərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi mək­təblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib”.

Vətən müharibəsinin tarixi əhəmiyyəti

Azərbaycannın İkinci Qarabağ müharibəsində qələbəsilə onun 30 ilədək Ermənistanın işğalı altında olan əraziləri azad edildi. Bu qələbə ilə birgə, Azər­baycan dünyaya sübut etdi ki, o müharibələr tarixinə yeni bir səhifə yazmışdır. Bunu Prezident İlham Əli­yev belə ifadə etmişdir: “Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermə­nistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır”.

İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan dövlətini, onun xalqını qaliblər sırasına daxil etdi. Prezident İlham Əliyev demişdir: “Bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilmə­si ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qara­bağ müharibəsi bir daha Azərbaycan xalqının əzmi­ni, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qü­rur hissi ilə yaşayacaq”.

Prezident İlham Əliyev tarixi qələbənin böyük əhəmiyyətini və onun bütün nəsillər üçün örnək ol­masını nəzərə alaraq onun əbədiləşdirilməsinə də xüsusi diqqət vermişdir. 26 noyabr 2020-ci il tarix­də “Vətən müharibəsi qəhrəmanı” adı təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ve­rilmiş, dekabrın 1-də isə bu haqda Əsasnamə qəbul olunmuşdur. “Zəfər” və “Qarabağ” ordenlərinin sta­tutu da təsdiq edilmişdir. Bundan başqa, 1 dekabr 2020-ci il tarixdə bir sıra medallar üzrə əsasnamələr təsdiq olunmuş, 2 dekabrda “Anım günü”nün təsis edilməsi haqqında Prezident Sərəncamı verilmişdir. 3 dekabr 2020-ci il tarixdə “Zəfər günü”nün təsis edilməsi, “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi” haqqında, “Bakı şəhərində Vətən mü­haribəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması” haqqında Prezident sərəncamları verilmişdir.

Bu sahədə ən böyük tədbirlərdən biri kimi 12 aprel 2021-ci ildə Hərbi Qənimətlər Parkının yaradıl­masını qeyd etmək olar.

Tarixi qələbənin əbədiləşdirilməsi üzrə siyasət davam etdirilmiş, 31 iyul 2023-cü ildə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı­na uyğun olaraq 26 avqust Laçın (həmin gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nə­zarətinə keçmişdir), 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 20 noyabr Ağdam və 25 noyabr Kəlbəcər günü elan edilmişdir.

IV. Qələbədən Zəfər paradına

10 noyabr Bəyanatının həyata keçirilməsi

10 noyabr Bəyanatı imzalandıqdan sonra hə­yata keçirilməyə başladı. İlk olaraq atəşkəs elan edildi və hərbi əməliyyatlar dayandırıldı. Yuxarıda qeyd edildiyi kimi, bəyanat üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq, ikinci maddə üzrə noyabrın 20-də Ağdam, altıncı maddə üzrə noyabrın 15-də Kəlbəcər, dekabrın 1-də Laçın azad edilməli idi. Er­mənistan Kəlbəcəri müəyyən edilmiş vaxtda azad edə bilməyəcəyini nəzərə alaraq, Rusiya vasitəsilə vaxtı noyabrın 25-dək uzatmağı xahiş etmişdir. Ona görə də üçtərəfli bəyanat üzrə işğaldan azad olunan ilk ərazi Agdam oldu. Kəlbəcər noyabrın 25-də, La­çın isə dekabrın 1-də Ermənistanın işğalçı qüvvələri tətərfindən azad edildi. Ağdamı demək olar ki, dağı­dan Ermənistan, Kəlbəcər və Laçın azad edilərkən bu ərazilərdəki evlərə də böyük ziyan vurmuş, eko­loji terror həyata keçirilmişdir.

Rusiya sülhməramlı kontingentinin yerinə yeti­rilməsini nəzərdə tutan üçüncü maddə də qısa za­manda icra olunmuşdur. Atəşkəsə nəzarətin həyata keçirilməsi üçün tərəflərin razılığı üzrə Rusiya və Türkiyənin iştirakı ilə mərkəzin yaradılması da təşkil edilmişdir. Səkkizinci maddə üzrə, xüsusilə əsirlərin və cəsədlərin mübadiləsi üzrə də müəyyən işlər hə­yata keçirilmişdir.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərin­də elə bir dağıntı törətmişdir ki, məcburi köçkün və qaçqınların geri qaytarılmasına həsr edilmiş yeddin­ci maddənin həyata keçirilməsi yalnız böyük bərpa və quruculuq işlərindən sonra başlaya bildi.

Bəyanatın ən önəmli maddələrindən biri olan doqquzuncu maddə üzrə Zəngəzur dəhlizinin açıl­ması Ermənistan tərəfindən güclü müqavimətə rast gəldi və müxtəlif bəhanələr vasitəsilə onun reallaşdı­rılmasına müqavimət göstərildi.

Zəfər təntənəsi

Azərbaycanın II Qarabağ müharibəsində qələ­bəsi və Ermənistanın kapitulyasiyası münasibətilə 10 dekabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər paradı keçirilmişdir. Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan da Zəfər paradında iştirak etmişdir. Prezidentlər tarixi qələbənin əhəmiyyəti və Azərbaycan–Türkiyə əmək­daşlığının bu qələbədə rolunu xüsusi qeyd etmişlər.

V. Zəfərin davamı – lokal antiterror əməliyyatı

Erməni vandalizmi

Müharibənin qurtarmasından sonra Ermənista­nın işğaldan azad edilmiş ərazilərində törətdiyi da­ğıntıların miqyası əyani şəkildə aydın oldu. Erməni vandalları demək olar ki, işğal altında olan əraziləri tamamilə məhv etmişdilər. Ağdam şəhəri dağıntıların miqyasına görə, Azərbaycanın Xirosiması adlandırı­lırdı.

Prezident 17 noyabr 2020-ci il tarixdə Füzuliyə səfəri zamanı demişdir: “Bildiyiniz kimi, işğal edil­miş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmə­nin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.

Ermənistanın mina terroru

Ən böyük problemlərdən biri də Ermənistanın iş­ğal etdiyi ərazilərdə mina terroru idi. Həmin dövrdə bu ərazilər dünya miqyasında minalar ilə ən çox çirk­lənmiş ərazi idi. Azərbaycanın bütün tələblərinə bax­mayaraq, Ermənistan müharibə cinayətlərini davam etdirir və minalanmış ərazilərin xəritəsini verməkdən imtina edirdi. Bunun nəticəsi idi ki, dinc azərbaycan­lıların minalara düşməsi davam edir və ölümlə nəti­cələnirdi. 2021-ci il iyun ayının 4-də AZƏRTAC və AzTv-nin əməkdaşları vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində tank əley­hinə minaya düşərək həlak olmuşdular. Ümumiyyət­lə isə, 2020-ci il noyabrın 10-dan 2023-cü il noyabrın əvvəllərinədək 336 insan minaya düşmüşdür ki, on­lardan 65-i həlak olmuşdur.

Azərbaycan–Ermənistan sülh danışıqları

44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları da aparılırdı. Sülh danışıqlarında vasitəçilik uğrunda Brüssel ilə Moskva arasında gərgin mübarizə gedirdi. Belə ki, tətəflər arasında Moskvanın təşkilatçılığı ilə üç görüş (2021, 11 iyun, Moskva; 2021, 26 may, Soçi; 2023, 25 may, Moskva), Brüsselin iştirakı ilə altı görüş (2021, 14 dekabr; 2022, 6 aprel; 2022, 22 may; 2022, 31 avqust; 2023, 13 may; 2023, 15 iyul) təşkil edilmişdir. Vaşinqton da bu istiqamətdə ilk təşəbbüslər (2023, 1 may) göstərmişdir. Buna baxmayaraq, sülh müqa­viləsini razılaşdırmaq mümkün olmamışdır.

Ermənistan sülh danışıqlarında iştirak etməklə eyni zamanda, Azərbaycana qarşı hərbi təxribatları­nı davam etdirirdi. Azərbaycan ordusu bütün bu təx­ribatların qarşısını qətiyyətlə almağa nail olmuşdur. 2022-ci il martın 9-da strateji cəhətdən mühüm əhə­miyyətə malik olan Fərrux yüksəkliyi ələ keçirilmiş, avqustun 3-də Qisas əməliyyatı uğurla başa çatmış­dır. Ermənistan qisasçılıqdan əl çəkməmiş, 2022-ci ilin sentyabrında və 2023-cü ilin aprel və mayında yeni təxribatlar törətmiş, bu dəfə də Azərbaycan or­dusu düşmənə sarsıdıcı zərbə vurmuşdur.

Hərbi təxribatlar ilə birgə ekoloji təxribatlar da davam etdirilirdi. Azərbaycanın Xankəndi bölgəsin­dəki yataqlar vəhşicəsinə istismar edilərək Ermənis­tana daşınırdı. Bu ekoloji təxribatın qarşısını almaq məqsədi ilə Azərbaycanın ekofəalları tərəfindən 2022-ci ilin dekabrından 2023-cü il aprelin 28-dək La­çın–Şuşa yolunda uzunmüddətli aksiya keçirmişdir.

Ermənilər tərəfindən onların əlində olan ərazilər­də, xüsusilə Xankəndidə siyasi təxribatlar davam etdirilirdi. Rusiyanın layihəsi hesab edilən milyarder Ruben Vardanyan onun vətəndaşlığından imtina edərək, Qarabağın dağlıq hissəsində yeni hərə­kat yaratmaq məqsədilə 2022-ci ilin sentyabrında Xankəndiyə gəlmişdir. Ermənilərin oyuncaq hö­kumətində “dövlət naziri” postu tutaraq, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətə başlamışdır.

Laçın dəhlizinə nəzarət

Erməni separatçılarının mövcudluğunun əsas mənbəsini Ermənistandan silah-sursat və yeni is­tehsal edilən minalar gətirilməsini təmin edən La­çın dəhlizi idi. Azərbaycan Laçın şəhərinin daha tez azad edilməsi məqsədilə Laçın dəhlizinin yeni marşrutunu hazırladı. 26 avqust 2022-ci ildə Zabux və Laçın şəhəri azad edilsə də, ermənilərin Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhli­zindən sui-istifadəsi davam etdirilirdi. Bunu nəzərə alan Azərbaycan Laçın–Xankəndi yolu üzərində su­veren hüquqlarına uyğun olaraq, buraxılış nəzarət məntəqəsi yaratdı. Bu, Azərbaycanın ərazi bütöv­lüyünün bərpası uğrunda atılan mühüm addımlar­dan biri oldu. Ermənistan və ermənipərəst qüvvələr, guya, ermənilərin blokadaya alınması haqqında mif irəli sürməyə başladı. Bu məntəqənin açılışı ilə ekofəalların missiyası da yerinə yetirilmiş oldu.

Azərbaycan Qarabağın dağlıq hissəsi ilə Xankəndi arasında əlaqələrin Ağdam–Xankəndi yolu vasitəsilə həyata keçiriləcəyini bildirdi. Xarici qüvvələrin, xüsusilə də Fransanın bilavasitə iştirakı ilə Azərbaycana qarşı yeni təxribata əl atıldı. Ermə­nistan tərəfindən Azərbaycan sərhədinə doğru ərzaq yüklü tırlar göndərildi. Azərbaycan Laçın dəhlizinin, yalnız Ağdam–Xankəndi yolunun açılması ilə müm­kün olacağını bəyan etdi. Ermənilərin ərzaqla təmi­natı və s. məsələlərin həlli üçün onların nümayən­dələrinin iştirakı ilə görüş təklif etdi.

Bunun müqabilində erməni separatçıları 9 sent­yabr 2023-cü il tarixdə “prezident seçkisi” təşkil etdi. Azərbaycanın suveren hüquqlarının pozulmasına xidmət edən bu tədbir qəti şəkildə pisləndi. “Seçki”­nin nəticələrini bir sıra dövlətlər, o cümlədən, Avropa İttifaqı da tanımaqdan imtina etdi.

Azərbaycan onun ərazisində erməni separatçı qüvvələrinin fəaliyyətinin qarşısının alınması üçün qəti tədbir görməli oldu.

(ardı var)

Kərim ŞÜKÜROV,

AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor

“Xalq qəzeti”

  • Paylaş: