Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsəri ilə tanışlıqdan sonra oxucunun şüurunda son illər dövriyyəni zəbt edən məlum postulat assosiasiya olunur: Tarix təkrarlanır. Biz isə bu fikirdəyik ki, tarix heç bir zaman təkrarlanmır, sadəcə, onun dərslərindən ibrət götürməyəndə o da ayrı-ayrılıqda fərdləri, hətta bütövlükdə xalqları da cəzalandıra bilir və nəticə etibari ilə belə bir qənaət hasil olur ki, biz də tez-tez təkrarlanan cəzalar səltənətindəyik. Bəs nə zaman oranı tərk edəcəyik? Sualın cavabını dahi Cəlil Məmmədquluzadənin “Tarix” felyetonundan (qənaətimizə görə, essesindən – M.Q) almaq olar: “İnsan üçün böyük dərslərdən biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, - dəxi sən həmin səhvi eləmə”. Dahi Mirzə Cəlilin digər bir essesindən - “Yol”dan çıxan ideya da budur ki, tarixin müdrik dərslərindən nəticə çıxarmayıb eyni yolu təkrar-təkrar gedən adam sonda gəlib çıxar qamışlığa və orada da qəddar qabanlara rast gələr.
Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsəri ilk dəfə 1911-ci ildə Bakı milyonçusu Murtuza Muxtarovun ianəsi ilə çap olunmuşdur. Əsər ikinci dəfə nə az nə çox, düz 96 il sonra “Qanlı illər” adı ilə 2007-ci ildə Bakıda “Qafqaz” nəşriyyatında nəşr olunub. Kitaba önsöz yazan Əkrəm Bağırov haqlı olaraq qeyd edir: “Etiraf etməli və acınacaqlı bir haldır ki, biz yetmiş il ərzində bu və bu tipli əsərləri nəşr etməkdən çəkinmişik. Qorxmuşuq ki, bizim “Sovetlər birliyimizin” möhkəmliyinə xələl gətirə bilər. Çəkinmişik ki, bizim qonşularla olan dostluğumuzu poza bilər. Öz tarixi keçmişimizi - həqiqəti öz xalqımızdan gizlətməyə çalışmışıq”.
Əsərin janr təyinatı bugünəcən dəqiqləşdirilməyib. Onu roman adlandıranlar da vardır. Zənnimizcə, əsəri tarixi, sənədli-informatik povest adlandırmaq daha doğru olar. Çünki gənc Məmməd Səid bədii əsər yazmaqdan daha çox yaşadığı epoxada baş verən qanı hadisələri real məktub-sənədlərə istinad edərək bir tarixçi kimi təhlil etmək istəyir, baş verənlərin kökünü araşdırır və ortaya tədqiqat xarakterli bir əsər qoyur. Müəllifin əsərin adı altında qeydi də fikrimizi sübut edir: “1905-1906-cı illərdə “Qafqazda baş verən erməni-müsəlman davasının tarixi fikrimizcə, əsərin emosional bir tərzdə qələmə alınması onun bədii əsər olması faktını şərtləndirir. Müəllif yazır: “Bu olmuş tarixi vücuda gətirmək üzrə qələmi əlimə aldığım zaman özümdə bir kədər, bir müsibət xatirələri hiss edirəm. Əcəba! Əlimdəki qələm hər zaman qanlı illərdə qəflətən baş verən faciələri yazmaq istəyir, vicdanım da bu ülvi vəzifəni ifa etməkdə qeyri-iradi bir həvəs göstərir”. “Məqsədin ərzi” fəslində Ordubadi əsərin yazılma səbəbini göstərməklə hadisələrə qərəzsiz yanaşıb həm erməni, həm də müsəlman heysiyyətinə toxunmayacağını, “İrşad” və “Tazə həyat” qəzetlərində şap olunması üçün müxbirlər vasitəsilə ona çatdırılmış 245 məktubu tərəfsiz saf-çürük etdiyini diqqətə çatdırır: “Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqda məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir...” Məmməd Səid Ordubadi açıq şəkildə bildirir ki, Rusiya, Qafqaz, Avropa və Amerika mətbuatı baş verən qanlı hadisəli düzgün təqdim etməyib çox ziddiyyətli fikirlər söyləmişdir.
Müəllifin gəldiyi qənaətlərdən 13 il sonra 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Lənkəran, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Tarixə 31 Mart soyqırımı kimi daxil olmuş qanlı hadisələr nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Ən dözülməz hal odur ki, hələ də mətbutımızda həmin qanlı hadisələri yalnız ermənilərin törətdiyi fikri tirajlanır. Sual olunur: Ermənilər haçandan müstəqil düşünüb qərar verə biliblər? Onlar tarixən icraçı qövm olmuş, böyük siyasi güclərin əlində alətə çevrilmiş və bu gün də belədir. Ötən əsrin əvvəllərində olduğu kimi, bugün də Rusiya Qafqaza şəxsi evi kimi baxaraq öz quduz şəxsi maraqlarını təmin etmək üçün “parçala, hökm sür!” siyasətini həyata keçirir. Hələ böyük Sabir “Beynəlmiləl” şeirində yazırdı ki, “iblisi-məlun nagah oldu aşikar.” Həmin məlun iblis isə Rusiya idi.
Məmməd Səid Ordubadi iğtişaşların səbəbini axtarır və dörd səbəb üzərində xüsusi olaraq dayanır. O yazır: “1-ci səbəb erməni Daşnaksutyun komitəsinin müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar oynandı... 2-ci səbəb məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığıdır. 3-cü səbəb və iğtişaşa gəldikdə, müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmalarıdır. Dördüncü səbəbə gəldikdə ermənilərin avtonomiya - idarə muxtariyyəti həvəsində olmalarıdır.” [səh: 8-10] İki və üçüncü səbəblərlə heç cür razılaşmaq olmaz. Müsəlmanların elmsizliyi və məhəlli hökumət məmurlarının müharibə dövründə etinasızlığı haqqında fikirlər haradasa gənc və ehtiyatlı Məmməd Səidin özünü tərəfsiz göstərəcəyi haqqında verdiyi vədlə bağlıdır. Yəni, iki səbəb bizdədirsə, ikisi də ermənilərdədir. Amma bir və dördüncü səbələr bütün zamanlar üçün aktualdır. Daşnaksutyun partiyasına kotəbii etiqat və avtonomiya xülyaları erməniləri əbədi olaraq məhvolmağa doğru sürükləyəcək. Göründüyü kimi, hələ XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi qanlı hadisələrin mahiyyətinə düzgün nüfuz edir və mövcud səbəbləri açıq-aydın göstərirdi.
Əsərin illərlə üzə çıxarılmamasının ictimai-siyasi və ideoloji səbəbləri məlumdur. Təbii ki, əsas səbəb “böyük” qardaşın total basqısından qorunmaq instinktinin önə keşməsi idi. Lakin heç bu səbəbin özü də zənnimizcə, əsas ola bilməz. Sovetlər dönəmində xalqlar dostluğunun təbliğinə həsr olunan yüzlərlə əsər əvəzinə tariximizin qanlı səhifələrini bir-bir açıb bizə göstərən “Qanlı sənələr” əsərinin zamanında yenidən nəşri və təbliği milli ideoloji fikrin aydınlanmasında daha çox fayda verər və daha böyük tarixi əhəmiyyət daşımış olardı. Amansız repressiya maşınının istənilən yeni düşüncənin üstündən keçəcəyini də bilirik. Amma bütün hallarda gizli və aşkar yenə nəsə etmək lazım idi. Bir başqa səbəb bizdəki kalonial təfəkkür ola bilər. İki yüz illik imperiya daxilində formalaşmış təfəkkürümüz hələ də qorxu və xofdan xilas olmamışdır. Əgər bədnam qonşularımızın yaxın və ya uzaq keçmişindən bəhs edən belə bir tarixi-informatik əsər yazılsaydı, onu nəyin bahasına olursa-olsun nəşr edib dünyaya çatdırar, hələ üstəlik ona yeni “qanlı” səhifələr də əlavə edərdilər. Biz isə çox işdə olduğu kimi bu məsələdə də lənglik nümayiş etdiririk. Heç bugün də əsərin araşdırılması və təbliği işi lazımi səviyyədə deyildir.
1905-1906-cı illərdə ermənilərin xalqımızın başına gətirdiyi miqyassız qətliamlar fonunda xalqımızın yenə də özünün insanlıq, mərhəmət və xeyirxahlıq duyğusunun itirmədiyi haqqında əsərdən oxuduqlarımız bizi çox həyəcanlandırır: “Müharibənin ən şiddətli getdiyi yerlərdən biri Malakan bağının ətrafı idi. Orada da bir çox erməni hifz edilmişdi. Ağadadaş Vəliyevin evində Arşak Durniyans adlı bir erməni iki nəfər gimnaziyada oxuyan çocuqları ilə hifz olunub yemək-içmək verilmişdir. Həmin erməni ailəsi öz qonşusu Hüseynqulu Mahmudov və Məşədi Hənifə Cəfərov tərəfindən mühafizə edilmişdi. Qeyd olunmalı hal burasıdır ki, həmən məhəllədə olan ərsiz, sahibsiz müsəlman övrətləri dəstələrin qarşısına çıxıb qonşu ermənilərin əmlak və canlarını hifzə çalışırmışlar. Arşak Durniyans bu barədə razılıq məktubu da yazmışdır. Məktubun tarixi 19 fevral 1905-ci ildir”.
Aşağıdakı cümlələr isə erməni xisltini çox gözəl açır: “Küçələrdə o tərəf bu tərəfdə qan tökən ermənilər isə ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb-kəsməkdə idilər. Müsəlman övrətləri o tərəf, bu tərəfdə erməni qorxusundan titrəyib, çocuğunu unudurdu.”
Ermənilərin öz sərsəm xülyalarından heç bir zaman əl çəkməyəcəyi haqqında Məmməd Səid Ordubadinin gəldiyi qənaətlər çox maraqlıdır. Söhbət heç də qonşu gürcü və azərbaycanlılara bu qəbilə təfəkkürlü xalqın torpaq iddiallarından getmir, sadəcə, bu qövmün mənəviyyatını alt-üst edən çəxsi eqolarından gedir; ermənilərdə belə bir xəstə düşüncə formalaşıb ki, onlar haraya düşürlərsə, oranın ağası olmalıdırlar. Başqa cür də ola bilməz! Məhz bu eqo onları saxta tarix, yalançı mədəni kimlik uydurmağa sövq edir. Otuz üç yaşlı Məmməd Səid də onlardakı bu mərəzi çox dəqiq hiss etmişdir. Müəllif yazır: “Zira, ermənilərin rəyincə, “bizim əlimizin üstündə Qafqazda gərək əl olmasın” - deyib hər tərəfə odlu silah və sair hərbi ləvazimat göndərməyə çalışırdılar...”
Qafqaqzda başqa bir qara əlin də olduğunu ermənilər bilməmiş deyillər. Bu, Rusiyanın qəddar total əlidir. Rusiyanın həmişə ermənilərin yanında olması faktını Məmməd Səid Ordubadi də təsdiqləyir. O, çox dolaşıq hadisələri ustalıqla analiz edərək mövcud situasiyaya düzgün yanaşır və Rusiyanın ermənilərlə müştərək çəkildə bu soyqırımı törətməsi fikrini irəli sürür: “Müharibə vaxtı polis qulluqçusu naçalnik Angil qətlə mane olmayıb – “Tez vur, oğlum! tez ol, oğlum!” - deməklə könüllü cavanları (erməni cavanlarını – M,Q) cinayətə təşviq edirdi. Talan vaxtı – “Tez olunuz! Tez aparınız!” - deyib camaatı qızışdırırdı.
31 Mart 1918-ci il soyqırımı da 1905-1906-cı il erməni-müsəlman davası kimi tarixə düşmüş hadisələrin məntiqi davamıdır. Baxın, gənc Ordubadi necə ehtiyatla davranır: “Bu müharibədə ermənilərin şan-şöhrətinə ziyan vuran bir iş vardısa, o da müharibə vaxtında südəmər körpələri, qoca qarıları öldürmək idi.”
Ermənilərin müharibə cinayətlərinin sakit bir ritorika ilə ört-basdır edilməsi özünüqoruma instiktinin saçmalarından başqa bir şeyin olmaması göz qabağındadır. Gənc Ordubadi maksimial bir həddə təmkinli davranmağa çalışır, amma dil onu ələ verir. Tarixən ermənilərə şan-şöhrət gətirə biləcək hərəkətlər mövcuddurmu? Bunu Ordubadi də çox gözəl bilirdi. Bilirdi ki, ermənilər yazılmış və yazılmamış bütün müharibə qanunlarını pozur, bütün humanitar dəyərləri alt-üst edir. Südəmər körpələri və qoca qarıları öldürən vəhşilərdən nə gözləmək olar? Lakin etiraf etməliyik ki, çox çətin bir tarixi şəraitdə gənc Ordubadi bunu dilə gətirirsə, ona minnətdar olmalıyıq. Məsələ orasındadır ki, biz onun yazdıqlarına məhəl qoymadan heç nə olmamış kimi 31 Mart soyqırımına doğru getməyə başladıq. Nəticədə ikinci ən böyük rus-daşnak birliklərinin soyırımına məruz qaldıq.
Biz hər şeydən əvvəl tarixi hadisələrə siyasi qiymət verərkən onların mahiyyətinə uyğun olaraq dəqiq sözlər, ifadələr və terminlər seçməliyik. Əvvala, 1905-1906-cı illədə baş verən total qətliama erməni-müsəlman davası demək doğru deyildir, bu, qətliamın bərabər paylaşması effektini yaradır və diqqət edirsinizsə, bu cür ifadə forması Rusiyanı avtomatik olaraq hadisələrin mərkəzindən tamamilə kənara tullayır. Yəni, Rusiyanın bu işdən xəbəri olmayıb. Eyni ritorika ilə 31 Mart 1918-ci il hadisələri haqqında söhbət açılarkən də rastlaşırıq. Diqqət edirsinizsə, 1918-ci il Şərqdə ilk demokratik Cümhuriyyətinin qurulmasına az bir müddət qalmış, demokratik düşüncənin tədricən hakim olduğu bir zamanda 31 Mart soyqırımının ermənilərin əli ilə Rusiya törətməklə xalqımızın ruhuna qorxu viruslarını yeridib onun milli qurtuluş əhvalını soyutmaq və istiqlaliyyət arzularını boğmaq istəyirdi. Məmməd Səid Ordubadinin reallığa söykənən təsvirlərində də bu həqiqət böyük ağrı və yanğı ilə diqqətə çatdırılır: “Zira, bu işlərin ümdə baniləri və başçıları polkovnik Krılov və naçaknik Angillər idi. Noyabrın 26-cı gecəsi müsəlmanlara böyük bir müsibət üz verib, hökumətin də hiyləsini hamıya bildirdi. Həmən gecəni Naxçıvanda müsibət gecəsi, odlu-alovlu gecə adlandırmışlar. Həqiqətən də, o gecə atəşli, ürəkdağlayan, yanğılı bir gecə idi. Həmən gecə saat yeddi radələrində böyük və dəhşətli sədalar eşidilirdi”.
Yekun olaraq deməliyik ki, Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsəri erməni faşizminin antibəşəri mahiyyətini dəqiq tarixi faktlarla ortaya qoyan ilk tarixi əsər kimi çox qiymətlidir. Əsərin tarixi əhəmiyyətini şərtləndirən əlamətlərdən bir neçəsinə diqqət yetirək: 1. Erməni-müsəlman davası adı altında tarixə düşən 1905-1906-cı il qətliamı xalqımıza qarşı aparılan ilk böyük etnik təmizlənmənin başlanğıcı sayılmalıdır. Ermənilərin Rusiyanın əli ilə apardığı həmin siyasət bugün də öz ilkin istiqamətini dəyişməyib. 2. Əgər bu əsər zamanında geniş təbliğ olunub xalq arasında yayılsadı və erməni hiyləgərliyinin gizlinləri göstərilsədi, yəqin ki, 31 mart 1918-ci soyqırımının və başımıza gələn digər faciələrin masştabı bu qədər geniş olmazdı. 3. Əsərdə o zamankı demoqrafik vəziyyət, əhalinin etnik tərkibi, inzibati-ərazi bölgüsü, adı çəkilən yüzlərlə soydaşımız və coğrafi adlar haqqında məlumatlar vardır. Həmin coğrafiyanın kameral təsvirini yaratmaq üçün əsərə cəsarətlə istinad etmək olar. 4. Nəhayət, əsərdən çıxan ən böyük tarixi dərsin sədası “Dədə Qorqud” eposundan gələn çağırışla səsləşir: “Qarı düşmən dost olmaz!”
Mehman QARAXANOĞLU, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.