Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2015 14:27
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Dekabrın 4-də AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri AMEA prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə açıb. O, əvvəlcə AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarları haqqında ətraflı məlumat verib.

Sonra institutun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şehəli Babayevin “Azərbaycanın neogen dövründə biomüxtəlifliyin təkamülü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, çoxillik tədqiqatlar əsasında neogen dövründə biomüxtəlifliyin kəskin dəyişmiş olduğu qısa müddətli epizodlar qeyd edilib və fauna qruplarının stratiqrafik əhəmiyyəti dəqiqləşdirilib. Neogen makrofaunası və mikrofaunasının əsas qruplarının (qastropodlar, bivalvia, foraminiferlər və ostrakodlar) məlumat bazası yaradılıb, Azərbaycan ərazisində neogen dövründə biomüxtəlifliyin təkamülünün analizi biotanın inkişafında 5 yüksəliş tsiklinin (sakaraul, çokrak, sarmat, pont, akçaqıl) baş verdiyi müəyyən edilib. Bundan əlavə, həmin tsikl və tsikllərarası zamanda fauna biomüxtəlifliyinin dinamikasının təhlili nəticəsində neogen hövzələrinin paleocoğrafi şəraiti xarakterizə edilmiş və müxtəlif fauna qruplarının stratiqrafik əhəmiyyəti araşdırılmışdır.

Qeyd olunub ki, araşdırmaların nəticələri “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji Atlası”nda, bir sıra elmi-dövrü nəşrlərdə öz əksini tapıb.

İclasda tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub və tədqiqatların davam etdirilməsi tövsiyə edilib.

Daha sonra 2015-ci ildə başa çatmış elmi-təşkilati işlər üzrə yekun hesabatların müzakirəsi aparılıb, “Çoxlaylı qaz və qaz-kondensat yataqlarının işlənilməsi prosesinin modelləşdirilməsi”, həmçinin “Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə neft geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənilməsi sahələrində nəşrlərin elmimetrik təhlili” mövzularında görülmüş işlərdən bəhs olunub.

Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov şuranın 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat verib. Respublikanın ali məktəbləri üçün dərslik və dərs vəsaitlərinin hazırlanmasında GGİ-nin iştirakı, iqtisadi geologiya sahəsində kompleks elmi tədqiqatların perspektivləri haqqında da çıxışlar dinlənilib, “Azərbaycanın mezo-kaynozoy perlitləri” monoqrafiyası nəşrə tövsiyə edilib.

İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: