26-28 noyabr 2015-ci il tarixlərdə Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan və Belarus Respublikaları arasında innovasiya və elm üzrə birgə layihələrin dövlətlərarası İşçi qrupunun 3-cü iclası keçirilib. İclasa Belarus Milli Elmlər Akademiyası Fizika, Riyaziyyat və İnformatika Bölməsinin akademik-katibi Orloviç Valentin Antonoviç, Belarus Milli Elmlər Akademiyasının akademik-katibi Aleksandr Kilçevskiy, o cümlədən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov həmsədrlik ediblər. Görüşdə Belarusun Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Axramoviç Q.B, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva, AR Səhiyyə Nazirliyindən Respublika Diaqnostika Mərkəzinin Baş həkimi Rauf Ağayev, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev iştirak ediblər.
İclas çərçivəsində İşçi Qrupun II iclasında qoyulmuş məsələlər və həyata keçirilmiş layihələr müzakirə edilib. Görülən işlər birgə elmi tədqiqatların aparılması, iki ölkənin iqtisadi maraqlarını əhatə edən birgə innovativ layihələrin həyata keçirilməsi və innovativ məhsulların birgə istehsalının təşkili kimi 3 kompleks istiqamət üzrə təhlil olunub.
Qeyd olunub ki, birgə layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun fundamental tədqiqatlar sahəsində əməkdaşlığı səmərəli nəticə vermişdir.
Sonra AMEA-nın müxbir üzvü Nazim Məmmədov çıxış edərək Azərbaycan və Belarus Respublikalarının iqtisadi maraqlarını əhatə edən birgə innovativ layihələrin həyata keçirilməsi istiqamətində AMEA ilə Belarus Milli Elmlər Akademiyası arasında institutlararası birgə layihələrin təhlili haqda məlumat verib.
Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Z.Əliyeva AMEA ilə Belarus Milli EA arasındakı əlaqələrdən danışıb. AMEA, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında imzalanmış Sazişin gələcəkdə akademiyalararası əməkdaşlığa geniş imkanlar yaradacağını qeyd edib.
İclasda, həmçinin hər 2 ölkənin gənc alimlərinin birgə iştirakı ilə mütəmadi görüşlərin təşkili, gənc tədqiqatçıların innovativ layihələrə cəlb edilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda İşçi Qrupun III iclasının Protokol layihəsi imzalanıb. Protokolu Azərbaycan tərəfdən FRTEB-nin akademik-katibi Nazim Məmmədov, Belarus tərəfdən isə akademik-katib A.Kilçevskiy və V.Orloviç imzalayıblar.
İşçi qrupun üzvləri növbəti iclasın 2016-cı ildə Bakı şəhərində keçiriləcəyi haqqında qərar qəbul ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir