Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Belçikada dissertasiya müdafiə edib
04.04.2024 13:52
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Belçikada dissertasiya müdafiə edib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və Leuven Universitetinin doktoronatı Rəcəb İsmayıllının Belçikada “Uniturbulensiyanın fiziki və statik xüsusiyyətləri” mövzusunda fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiəsi keçirilib.

Hibrid formada təşkil olunan müdafiədə yerli və xarici astronomlar iştirak edib.

Dissertasiya işində maqnitohidrodinamik ədədi simulyasiyalardan və statistik metodologiyalardan istifadə edərək eyni istiqamətdə yayılan səthi Alfvén dalğalarının dinamikası araşdırılır. Burada əsas məqsəd müxtəlif uzunluq şkalaları və onların turbulent enerji ötürmə mexanizmləri ilə qarşılıqlı əlaqəsi arasındakı mürəkkəb əlaqələri açmaqla, uniturbulensiya adlandırılan eyni istiqamətdə yayılan səthi Alfvén dalğalarının qeyri-xətti öz-özünə kaskadını başa düşməkdir. Buna nail olmaq üçün güc spektrinin təhlili, radial orta Furye çevrilməsi və kurtoz kimi üsullardan istifadə edərək uniturbulensiya geniş şəkildə öyrənilir. Uniturbulent axınlarda kinetik və maqnit enerjisinin məkan-zaman paylanmasını araşdırmaq üçün bu üsullardan istifadə olunur. İşdə həmçinin sıxlıq kontrastının variasiyalarının həlledici rolunu və Yaqlom qanununun enerji ötürmə mexanizmlərinin səciyyələndirilməsindəki rolu açıqlanır. Əldə edilən nəticələr bu turbulent dinamikləri tənzimləyən əlaqələri aydınlaşdırmaq nöqtəyi-nəzərdən gələcək araşdırmalar üçün əsas yaradır.

Çıxışdan sonra sual-cavab mərhələsinə keçid edilib, mütəxəssislərin çoxsaylı sualları iddiaçı tərəfindən yüksək peşəkarlıqla cavablandırılıb.

Müvəffəqqiyyətlə başa vurulan dissertasiya müdafiəsinin yekununda Rəcəb İsmayıllının işi müsbət rəylər alıb. Rəsədxana kollektivi olaraq gənc alimimizə gələcək fəaliyyətində yeni elmi yaradıcılıq uğurları arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: