Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

08.04.2024 09:42
  • A-
  • A
  • A+

MEK-də görkəmli ədib Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə sərgi təşkil edilib

MEK-də görkəmli ədib Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) dramaturgiyamızın zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan görkəmli ədib Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə sərgi hazırlanıb.

MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə görkəmli yazıçının həyat və yaradıcılığını, ictimai fəaliyyətini özündə əks etdirən nəşrlər, onun haqqında mətbuatda dərc olunan yazılar, eləcə də yazıçının seçilmiş əsərləri, məqalə və felyetonları təqdim edilib. Onların sırasında “Müsibəti-Fəxrəddin” faciəsi, “Məqalə və felyetonlar”, “Seçilmiş əsərlər”, “Biblioqrafiya”, “Nəcəf bəy Vəzirov arxivinin təsviri”, “Azərbaycan dramaturgiyasının antologiyası” və digərləri yer alıb.

Qeyd edək ki, müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edən müəllifin  məqalələri “Həyat”, “İrşad”, “Təzə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “Açıq söz” və “Mirat” qəzetlərində çap olunub. N.Vəzirov bir dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasına daxil olaraq əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb, milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, faciəvi obrazlar silsiləsi gətirib.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: