Beynəlxalq Türk Akademiyasında Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Anau - minilliklərin dərinliklərindən mədəniyyət” kitabının təqdimatı olub.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev Akademiyanın prezidenti akademik Şahin Mustafayevin yeni kitabın nəşri münasibətilə təbrik məktubunu səsləndirib, ümumi tarixi irsin təbliği istiqamətində Qazaxıstan və Türkmənistan arasında elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2024-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə Anau şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi onun türk mədəniyyəti və irsi sahəsində mühüm rolunu əks etdirir. Eyni zamanda, bu il Türkmənistanın Xalq şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi tamam olur.
Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən kitab türkmən, ingilis və rus dillərində nəşr olunub. Kitab “Qədim Anaunun bənzərsizliyi”, “Tarixi dövrləri birləşdirən böyük hadisələr”, “Qədim Anaunun şərəfli yolu Ahal torpağında davam edir” adlı üç fəsildən ibarətdir.
Daha sonra Türkmənistan Respublikasının Qazaxıstandakı səfiri Batır Rejepov Beynəlxalq Türk Akademiyasının kitabxana fonduna Anau şəhərinin mədəni irsindən bəhs edən yeni kitab hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.