Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.02.2025 19:36
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda neyrodegenerativ xəstəliklər üzrə tədqiqatlara dair elmi seminar keçirilib

Biofizika İnstitutunda neyrodegenerativ xəstəliklər üzrə tədqiqatlara dair elmi seminar keçirilib

ETN Biofizika İnstitutunda “Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri” mövzusunda elmi seminar baş tutub.

 Seminara institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov başçılıq edərək açılış nitqi ilə çıxış edib. O, institutda aparılan tədqiqatların iki əsas istiqamətə bölünməsini vurğulayaraq bunlardan birinin xərçəng xəstəlikləri, digərinin isə neyrodegenerativ xəstəliklər, o cümlədən, beta-amiloid aqreqatlarının yaranması ilə bağlı araşdırmalar olduğunu qeyd edib.

Daha sonra Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının mühəndisi Aytac Məmmədova “Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri” mövzusunda çıxış edib.

Aytac Məmmədova təqdimatında bildirib ki, neyrodegenerativ xəstəliklər mütəlif beyin nahiyələrinidə sinir hüceyrələrinin zədələnməsi ilə xarakterizə olunur. Alzheymer xəstəliyi beyində beta-amiloid zülalının yığılması, Parkinson xəstəliyi isə alfa-sinuklein zülalının aqreqasiyası nəticəsində dopamin ifrazının azalması ilə bağlıdır. Statistik məlumatlara görə, 65-74 yaş arası insanların 5%-i, 75-84 yaş arası 13.2%-i, 85 yaşdan yuxarı isə 33.4%-i bu xəstəliklərdən əziyyət çəkir.

Təqdimatda, həmçinin Bombyx mori ipəkqurdunun istehsal etdiyi biopolimer olan ipək fibroinin xüssusiyyətlərinə və onun neyrodegenerativ xəstəliklər üzrə tədqiqatların modelləşdirilməsində istifadə imkanlarına toxunulub. İpək fibroini onun biouyğunluğu, biodeqradasiya qabiliyyəti və çoxfunksiyalı strukturu sayəsində zülal aqreqasiyalarının öyrənilməsində effektiv model rolunu oynaya bilər.

Təcrübələr nəticəsində Rodamin 6G boyasının fibroin matrisasına bağlanmasının molekulyar səviyyədə spesifik qarşılıqlı təsirlər yaratdığı və bu prosesin flüоressensiya spektr analizləri vasitəsilə təsdiqləndiyi bildirilib. Xüsusən, fibroinin RHD dimerlərin yaranmasına mane olması və flüоressensiyanı azaltması araşdırılıb. Bu tapıntıların bio-optik materiallar sahəsində də yeni imkanlar aça biləcəyi vurğulanıb.

Seminar sonunda Aytac Məmmədovanın elmi rəhbəri, AMEA-nın müxbir üzvü Oktay Qasımov təqdimata və aparılan araşdırmalara yüksək qiymət verərək, gələcəkdə bu istiqamətdə daha geniş tədqiqatların aparılmasını vurğulayıb. O, Aytac Məmmədovanın təcrübələrə yanaşma metodikasının və elmi bacarıqlarının önəmini qeyd edib.

Seminar iştirakçıları mövzu ilə bağlı suallar verib, araşdırmanın praktiki tətbiq imkanları və davamı haqqında fikir mübadiləsi aparıblar.

Sonda institut rəhbərliyi və seminar iştirakçıları təqdimata görə Aytac Məmmədovaya təşəkkür edib, ona gələcək elmi tədqiqatlarında uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: