AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Yusif Əmən oğlu Əmənzadənin 110 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Əvvəlcə institutun kollektivi alimin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Tədbir alimin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi sessiyada ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək görkəmli alimin ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən söz açıb. Professor Misir Mərdanov Yusif Əmənzadənin Azərbaycan mexanika elminin inkişafında və riyaziyyatçı alimlər nəslinin yetişməsində əhəmiyyətli rolundan danışıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri professor Yusif Sevdimalıyev alimin həyatı və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, AMEA-nın müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində Y.Ə. Əmənzadə elmlər namizədi və doktoru dərəcələrini alıb.
1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində Nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Y.Ə.Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilib. 1972-ci ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olub. Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Yusif Əmənzadə qoyub. Onun elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanıb. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınıb, yeni həll üsülları tapılıb və bu məsələlərin ədədi həlli verilib.
AMEA-nın müxbir üzvü Yusif Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklik nəzəriyyəsinin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur. O, 150-dan çox elmi məqalə çap etdirmişdir. Alim 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.
Sessiyada çıxış edən professorlar Əli Əhmədov, Məhəmməd Mehtiyev, Nadir Suleymanov, Lətif Talıblı və Qabil Əliyev alim haqqında elmi nailiyyətlərindən bəhs etmiş, onun ölkəmizdən kənarda da nüfuzlu riyaziyyatçı alim kimi yaxşı tanındığını bildirmiş, xatirələrini söyləmişlər.
Sonda alimin doğmaları yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.