Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun alimlərinin həmmüəllifi olduqları kitab “IntechOpen” elmi nəşriyyatı tərəfindən çap olunub
29.04.2024 10:21
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun alimlərinin həmmüəllifi olduqları kitab “IntechOpen” elmi nəşriyyatı tərəfindən çap olunub

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun alimlərinin tədqiqatları nəticəsində yazılmış bir fəslin yer aldığı “Advances in Oil and Gas Well Engineering” kitabı İngiltərənin məşhur “IntechOpen” elmi nəşriyyatı tərəfindən London şəhərində işıq üzü görüb.

Technologies and system for signaling the beginning of accidents on drilling rigs based on the wattmeter charts of their electric motors (Elektrik mühərriklərinin vattmetrləri əsasında qazma qurğularında qəzaların başlanmasının siqnalizasiya texnologiyaları və sistemi) adlı fəslin həmmüəllifləri AMEA-nın müşaviri akademik Telman Əliyev, t.e.d. dosent Asif Rzayev, t.e.d. dosent Fəhrad Paşayev və t.e.d. Qəmbər Quliyevdir.

Fəsildə qeyd olunur ki, hazırda neft-qaz yataqları okean və dənizlərin xeyli dərinliyi olan sahələrində yerləşdiyi üçün neft-qaz hasilatı ilə bağlı qazma prosesində çox mürəkkəb texnologiyalar tətbiq edilir. Lakin qazma zamanı qəzalar maddi ziyanla yanaşı ekoloji problemlərə də yol aça bilir. Problemin həlli istiqamətində hazırlanan nəzarət və idarəetmə sistemləri süni intellekt və başqa texnologiyaların tətbiqi ilə təkmilləşdirilir, yeni metodlar təklif olunur.

Kitabın sözügedən fəslində müəlliflər tərəfindən, həmçinin “Qəzanın başlanmasının gizli dövrünü aşkar etməklə buruq ustasına xəbərdarlıq sistemi”nin layihəsi təklif edilmişdir. Sözügedən sistemin tətbiq imkanları real və son dərəcədə faydalıdır.

Qeyd edək ki, Yongcun Fengin redaktorluğu ilə nəşr olunan kitab Web of Science (WoS) bazasında indeksləşib.

“Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. Təşkilatın məqsədi tədqiqatçılara elmi işlərini dünyanın müxtəlif ölkələrində yaymağa kömək etməkdən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: