Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2024 17:00
  • A-
  • A
  • A+

“Şah İsmayıl Xətainin Azərbaycan tarixində və ədəbiyyatında fövqəladə missiyası” mövzusunda elmi sessiya keçirilib

“Şah İsmayıl  Xətainin Azərbaycan tarixində və ədəbiyyatında fövqəladə missiyası” mövzusunda elmi sessiya keçirilib

Mayın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə həsr olunmuş "Şah İsmayıl  Xətainin Azərbaycan tarixində və ədəbiyyatında fövqəladə missiyası" mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayıl Xətainin doğma torpaqların birliyi, bütövlüyü uğrunda mübarizə apardığını və böyük qələbələrə nail olduğunu deyib. Akademik G.Baxşəliyeva adının Şərqdən Qərbə bütün dünyaya yayılan görkəmli dövlət xadiminin rəhbərliyi altında orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyasının ən yüksək mərhələ olduğunu bildirib.

Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri sırasında Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratması olduğunu deyən akademik onun hakimiyyətdə olduğu illərin ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayıldığını vurğulayıb. Akademik G.Baxşəliyeva Xətainin ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı ilə yanaşdığını, bu dildə ölməz sənət inciləri yaratdığını qeyd edib.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov “Səfəvi dövrünün mənbəşünaslıq məsələləri” mövzusunda məruzə edib. Məruzəçi Səfəvi dövrü mənbəlırinin növləri və fərqli istiqamətlərindən danışıb, Erkən Səfəvi dövrünün əsas mənbələrindən biri olan "Fütuhati-Şahi"dən bəhs edib.

İnstitutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva elmi sessiyada "Yaxın Şərq ədəbiyyatında "Dəhnamə" ənənəsi və Xətainin "Dəhnamə"si" adlı məruzə edib. Məruzədə orta çağ ədəbiyyatında ayrıca bir ədəbi sahə kimi formalaşan "dəhnamə"çilik tarixinə nəzər salınıb, Azərbaycan, cığatay və fars ədəbiyyatında "Dəhnamə" mövzusunda qələmə alınan əsərlərin ortaq özəlliklərindən söz açılıb. Çox geniş coğrafiyada şair və oxucuların rəğbətini qazanan "Dəhnamə" ənənəsinə Xətainin bələdliyi, Əvhədi və Yusif Əmirinin "Dəhnamə"ləri, Xəlilinin "Firqətnamə" əsəri ilə struktur paralellikləri, Xətainin ənənə daxilində yeniliklər etməklə özündən sonra yeni ədəbi cığırlar açması diqqətə çatdırılıb. Paralelliklər, əsasən, onluq say sistemi, epistolyar ədəbi formasının özəllikləri,  adsız qəhrəmanlar və s. kimi özünəməxsus xüsusiyyətləri əsasında aparılıb, XI əsrdən başlayaraq XIX əsrə qədər davam edən ənənə tarixində Xətai "Dəhnamə"sinin yeri müəyyənləşdirilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: