Aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistan arasındakı dostluq münasibətlərindən, elmi əlaqələrin tarixindən və bu günündən söz açıb. O, Azərbaycan klassiklərinin həyat və yaradıcılığının bu gün Pakistanda dərindən öyrənildiyini və sözügedən istiqamətdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
“Nizami Gəncəvi irsinin tədqiqatçısı, Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti doktor Safeer Hydar hazırda Nizami Gəncəvi haqqında və Azərbaycana səfəri ilə bağlı kitab hazırlayır. XX əsrin ortalarına qədər Nizami Gəncəvi Avropada və Şərq ölkələrində fars şairi kimi tanıdılırdı. Sevindirici haldır ki, son illərdə Nizami Gəncəvinin həm Pakistanda, həm də Avropada Azərbaycan şairi olması etiraf edilir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Akademiyada da müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə böyük ədibə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
AMEA prezidenti XVII əsrdə yaşamış sufi şair, İslam alimi Sultan Bahunun ədəbi-fəlsəfi görüşlərinin, mistik fikirlərinin Məhəmməd Füzuli yaradıcılığı ilə səsləşən məqamlarının olduğunu da qeyd edib. Konfransda hər iki görkəmli şəxsiyyətin xidmətlərinin müqayisəli şəkildə ilk dəfə Azərbaycan cəmiyyətinə çatdırılacağını bildirib.
Akademik İsa Həbibbəyli bugünkü konfransın elmi və ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin ölkəmizlə ədəbi əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.
Pakistan Muslim İnstitutunun sədri professor Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığı Azərbaycan-Pakistan ədəbi əlaqələri kontekstində” geniş məruzəsində iki ölkə arasında əlaqələrin tarixindən və bu günündən söz açıb.
Lahor Urdu Kollec Universitetinin dosenti, Dr. Safeer Hydar “Sultan Bahonun mistik simfoniyasında insan mənliyinin əksi” adlı məruzə edib.
Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Azərbaycan-Pakistan ədəbi əlaqələri keçmişdən bu günə” adlı geniş məruzə edib.
Vrije Universiteti Brüssel təmsilçisi professor Filip Hambl çıxış edərək hər iki Şərq mütəfəkkiri haqqında fikirlər səsləndirib.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Orta əsrlərdə Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinə bir baxış”, filologiya üzrə fəlsəfə doktoru dosent Zəkulla Bayramlı “Məhəmməd Füzuli və Türk dünyası”, BDU-nun Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Eldost İbrahimov “Həzrət Sultan Baho yaradıcılığında tərbiyəvi ideyalar” mövzusunda məruzə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.