Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.05.2024 11:36
  • A-
  • A
  • A+

ADNSU-da Dövlət Mükafatına təqdim olunan elmi-texniki kompleks işin ictimai müzakirəsi keçirilib

ADNSU-da Dövlət Mükafatına təqdim olunan elmi-texniki kompleks işin ictimai müzakirəsi keçirilib

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodunun rəhbərliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin bir qrup professor müəllim və tələbə heyəti görüş keçirib.

Universitetin elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova giriş nitqi ilə çıxış edərək bildirib ki, bu görüşün əsas məqsədi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları müsabiqəsinə texnika üzrə təqdim olunan Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodunun yaratdığı “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı elmi-texniki kompleks işin ictimai müzakirəsini keçirməkdi.

O, məlumat üçün qeyd edib ki, Dövlət mükafatına təqdim olunan bu kompleks elmi-texniki iş ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə xüsusi təyinatlı texnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkilinə həsr olunub.

İşin rəhbəri Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev geniş təqdimatla çıxış edərək bildirib ki, 2024-cü il üzrə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim olunan işlər sırasında yer alan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu tərəfindən müəllifləri tanınmış akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova, Əfsun Sucayev, dosentlər Vasif Abbasov və Səxavət Rüstəmov olan “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki işin ərsəyə gəlməsi laboratoriyadan istehsal sahəsinə qədər uzun və çətin bir yol keçmişdir: “Aşqarlar Kimyası İnstitutu Müstəqil Dövlətlər Birliyi respublikalarında yeganə elmi mərkəz olmaqla, yarandığı vaxtdan indiyə qədər ən ümdə strateji məhsul kimi sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarların yaradılması və onların əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, xüsusi mayelərin işlənib hazırlanması və istehsalının təşkili üzrə elmi-tədqiqat işləri aparır. Motor, transmissiya və sənaye yağlarının, həmçinin xüsusi mayelərin istehsalını təmin edən bir sıra aşqarlar bu institut alimləri tərəfindən hələ SSRİ dövründə yaradılmış və sənaye istehsalı ölkəmizlə yanaşı, Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Həmin yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən xüsusi təyinatlı zavodda istehsal olunan hərbi texnikanın dizel mühərriki üçün yaradılmış motor yağıdır”.

V.Fərzəliyev bildirib ki, bu elmi-texniki kompleks iş hansısa yağın laboratoriya şəraitində alınıb sadəcə tətbiqə tövsiyəsi səviyyəsində bir iş deyil: “Burada söhbət ölkəmizin bundan sonrakı iqtisadi inkişafına, ələlxüsus müdafiə qüdrətinin artırılmasına böyük töhfə vermək gücündə olan tamamlanmış fundamental elmi-texniki bir işdən gedir. Əgər nəzərə alsaq ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir sıra mərhələlərdən ibarətdir: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin  müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi və nəhayət bütün sınaqlar müsbət nəticə ilə bitərsə - real mühərrikdə sınaqların aparılması, onda biz bütün bu sadalanan mərhələləri uğurla keçib artıq istehsalının da təşkil olunduğu və yaxın vaxtlarda Pakistan, Banqladeş, Tayland və Mərakeş kimi ölkələrə ixrac ediləcək tam əsaslandırılmış elmi-texniki kompleks işdən danışmış oluruq”.

Akademik böyük alim əməyinin nəticəsi olan fundamental-tətbiqi əsaslı unikal kompleks işinin yeniliyini və əhəmiyyətini yaradılmış xüsusi təyinatlı yağlar üçün alınmış 3-ü “Məxfi” qriflə olmaqla ümumilikdə 4 patent də təsdiq edir.

O, sonda vurğulayıb ki, bu kompleks elmi-texniki iş bütün markalı xüsusi texnikanın dizel mühərriklərində istifadə olunan sürtkü yağlarına olan tələbatın ödənilməsini, ölkəmizin strateji material olan xüsusi təyinatlı sürtkü yağları sahəsində xarici ölkələrdən asılılığın azaldılmasını və yaradılmış yağların bəzi xarici ölkələrə ixracını da nəzərdə tutur.

Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldıqdan sonra iştirakçların sualları cavablandırılıb.Müzakirə olunan məsələ ilə əlaqədar universitetin alim əməkdaşlarından Kimya texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova, Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri professor Yunis Qəhrəmanlı, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri dosent Nərminə Əliyeva, həmin kafedranın dosenti kimya üzrə fəlsəfə doktoru Elvira Hüseynova, Yüksək Texnologiya Parkının baş direktoru dosent Vasif Abbasov və digərləri çıxış edərək 2024-ci il üzrə “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na ETN Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC tərəfindən texnika sahəsi üzrə təqdim edilmiş “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili”  kompleks elmi-texniki işi müsbət dəyərləndiriblər.

Sonda müzakirəyə yekun vuran professor Lətafət Qardaşova elmi-texniki işin əhəmiyyətini qeyd edib, ətraflı və aydın təqdimata görə müəlliflərə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: