Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2024 11:30
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasa sədrlik edən institutun baş direktoru akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış edib. Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olunub.

İclasda qonaq qismində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və SOCAR-ın nümayəndələri iştirak edib.

Tədbirdə g.-m.e.d., prof. Vaqif Kərimov “Hövzə analizi və modelləşdirilməsinin nəticələrinə əsasən Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin tədqiqi, generasiya potensialının və karbohidrogen resurslarının qiymətləndirilməsi (ilkin nəticələr)” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzəçi tədqiqatın davam etdirildiyini qeyd edib və alınmış ilkin nəticələri təqdim edərək Cənubi Xəzər hövzəsinin tərtib edilmiş üçölçülü struktur-tektonik, sedimentasiya və çöküntü komplekslərinin qalınlıq modelləri, müxtəlif çöküntü komplekslərində müəyyən edilmiş litoloji-stratiqrafik tələlərin yerləşməsi ehtimal olunan zonalar və hövzənin paleocoğrafi şəraiti barədə danışıb. O, həmçinin qeyd edib ki, Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin geokimyəvi parametrlərinin hövzə üzrə paylanması xəritələri və müxtəlif geokimyəvi parametrlər arasında asılılıqları əks etdirən Van Krevelen diaqramlarının tərtib edilib. Məruzə böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Müzakirə zamanı g.-m.e.d. prof. Vaqif Kərimovun məruzəsinin aktuallığı qeyd edilib.

İclasda akademik Fəxrəddin Qədirov “Xəzər regionunun neftqazlılığı və geoekoloji problemləri” mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi-praktiki konfransın keçirilməsi barədə məlumat verib.

Sonra y.e.ü.f.d. Şəlalə Hüseynova və a.f.c.ü.f.d. Bəhruz Əhədovun 14-19 aprel 2024-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasının (EGU - 2024) növbəti iclasında iştirakı barədə hesabatları dinlənilib.

Daha sonra t.e.ü.f.d. Bünyad Kazımovun dosent elmi adı alması üçün müraciətinə baxılıb və gizli səsvermə nəticələrinə əsasən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında onun barəsində vəsatətinin qaldırılması qərarı qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

 

  • Paylaş: