Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

9 May - faşizm üzərində qələbədə Azərbaycanın xüsusi rolu
09.05.2024 14:45
  • A-
  • A
  • A+

9 May - faşizm üzərində qələbədə Azərbaycanın xüsusi rolu

İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Bu müharibədə bizim 600 mindən çox oğul və qızımzın amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Artıq 79 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Qeyd edək ki, bu qələbə heç də asan başa gəlməyib. Azərbaycanın yüzlərlə, minlərlə mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Vətənin hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də Azərbaycan torpağını qoruyublar. 170 mindən çox həmvətənimizin orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Çünki əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

1995-ci ildə Ulu öndər Heydər Əliyev Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».

Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirirdi.

Sevindirici haldır ki, Ulu öndərin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: