Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) YAP ərazi partiya təşkilatının təşkilatçılığı ilə birgə müasir dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı olaraq tədbir həm də Azərbaycanın ekoloji siyasətinin formalaşmasında Ulu Öndərin roluna həsr olunub. Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən, Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin, mədəniyyətin inkişafı, eləcə də ətraf mühit sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edib.
İslam Mustafayev qeyd edib ki, Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır və Heydər Əliyev yeni Azərbaycanın qurucusudur.
Tədbir zamanı “Sabahın Alimləri” 11-ci Respublika Müsabiqəsində gümüş medal qazanan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon Bağça, Məktəb, Lisey kompleksinin şagirdlərini müsabiqəyə hazırlayan institut əməkdaşları Namiq Heydərov (İnnovativ Tədqiqatlar qrupunun rəhbəri) və professor Rəhim Mədətov və institutun baş direktoru İslam Mustafayev təltif ediliblər.
İslam Mustafayev, həmçinin tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının fəaliyyətindən danışmış və Azərbaycanın COP-29 kimi mühüm konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirən geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra tədbirdə çıxış edən RPİ-nin icraçı direktoru dosent Rəvan Mehdiyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin I və II dövründə ətraf mühitin sağlamlaşdırılması uğrunda çoxşaxəli fəaliyyətindən danışıb. Sonda Ulu Öndər Heydər Əliyev fəaliyyətinin ən böyük nəticəsi, quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl şah əsəri, milli dövlət, müstəqil Azərbaycan Respublikasına həsr olunmuş “Azərbaycan” mahnısı səslənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.