Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.04.2025 12:45
  • A-
  • A
  • A+

“Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq konfrans keçirilib

“Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin və Qazaxıstanın “Atamın amanatı” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə “Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan və Qazaxıstanın alim, veteran və ictimai xadimlərinin iştirakı ilə keçirilən tədbir 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyinə və İkinci Qarabağ - Vətən müharibəsinin 5 illiyinə həsr olunub.

Tədbirin moderatoru Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d., dosent İlqar Niftəliyev beynəlxalq konfransda “Azərbaycanda müharibənin xatirəsi və nəsillərin varisliyi” mövzusunda çıxış edib.

Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri t.e.d., dosent Güllü Yoloğlu “Qələbədən Zəfərə dəyişən Türk dünyası” mövzusunda çıxış edib.

Beynəlxalq konfransın təşkilatçılarından olan İkinci Dünya Müharibəsində itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan “Atamın amanatı” İctimai Təşkilatının həmtəsisçisi, Rusiya Avrasiya Xalqları Assambleyasının Nəsil Mədəniyyəti Komitəsinin həmsədri, hüquqşünas Aliyə Saqımbayeva “Müharibənin uzunmüddətli sosial-psixoloji nəticələrinin nəsillərin davranış modelinə təsiri” mövzusunda danışıb.

Qazaxıstanda fəaliyyət göstərən Qarabağ müharibəsi veteranları birliyinin Astana şəhəri üzrə təşkilatının sədri Yerjan Aytıkov tədbirə onlayn şəkildə qoşulub, sözlərini çatdırıb.

“Atamın amanatı” İctimai Təşkilatının həmtəsisçisi hüquqşünas Musina Saule  “1941-1945-ci illər müharibəsində itkin düşmüş babaların axtarışı və RMK-nın psixotexnologiyası”, filoloq, telejurnalist, Mustafa Şokay nəslinin davamçısı Qulbarşın Zairova isə “Mustafa Şokayın sovet təbliğatına qarşı mübarizəsi” mövzusunda fikirlərini çatdırıblar.

Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Raisa Cəfərova “ALJİR”də məhbus həyatı yaşamış azərbaycanlı qadınlar”, Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “1941-1945-ci illər müharibəsində alman faşizmi üzərindəki qələbədə Azərbaycan xalqının töhfəsi”, BDU-nun doktorantı Xəyalə Şabanova “Azərbaycan legionunun 1941-1945-ci illər müharibəsindəki fəaliyyəti” haqqında məruzələr söyləyiblər.

Rusiya Federasiyasının Beynəlxalq Elmlər Akademiyasının ekologiya və bioresurslar üzrə müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Kenjina Nasixa “Qarabağ bir qazaxıstanlı qadının gözü ilə” mövzusunda danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: