Ulu Öndər Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya - hər bir siyasətçiyə, dövlət adamına, iqtisadçıya, diplomata, elm, təhsil və mədəniyyət xadimlərinə, bütövlükdə hər bir ölkə vətəndaşına pay düşür. Bu gün Azərbaycan Respublikası inkişaf etməkdədir və biz buna görə Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Əminik ki, nə qədər Azərbaycan və Azərbaycan xalqı var, Heydər Əliyev də qəlbimizdə əbədi olaraq yaşayacaq.
Bəşər tarixində qəlbi xalq üçün döyünən elə bir görkəmli şəxsiyyət olmayıb ki, o, ana dilinin qayğısına qalmasın, ana dilinin gələcək inkişafı, taleyi haqqında düşünməsin və narahat olmasın. Azərbaycanın tarixi şəxsiyyətləri, yazıçıları, qabaqcıl ziyalıları bütün dövrlərdə ana dilimizin inkişafına, onun saflığına çalışmışlar. Onlar özlərinin əməli fəaliyyətlərində bu sahədə həmişə nümunə göstərmişlər. Böyük demokrat yazıçı jurnalist Cəlil Məmmədquluzadə vaxtilə yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun mayasıdır. Hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir”. Bu sözlər ana dilinə sanki bir məhəbbət himni kimi səslənir. XX əsrin 70-ci illərindən Azərbaycan dili, onun nitq mədəniyyətinin inkişafının yeni bir dövrü, intibah dövrü başlandı. Türk dünyasının dahi bir şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin qızıl qiymətində olan sözlərini nəzərinizə çatdırmağı lazım bilirəm: “Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, ən çətin vaxtlarda da dilimiz itməyib yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda xalqımızın böyük şəxsiyyətləri yaşadıblar”.
Ölkəmizdə müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə etiraf olunan ilk uğurlarını qazandığı bir vaxtda ana dilinin yüksək səviyyədə qayğısına qalmaq doğma xalqın maddi və mənəvi qüvvələrini səfərbər etmək, ana dilinin konstitusiya hüquqlarını bərqərar etmək kimi şərəfli vəzifələri həyata keçirmək Ulu Öndər Heydər Əliyevin öhdəsinə düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya – hər bir siyasətçiyə, dövlət adamına, iqtisadçıya, diplomata, elm, təhsil və mədəniyyət xadimlərinə, bütövlükdə hər bir ölkə vətəndaşına pay düşür:
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşlarıdır. Əgər buna nail ola bilsəm, mən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam”.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti odur ki, o, Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. Onun Azərbaycan xalqı qarşısındakı ən əvəzsiz xidmətlərindən biri də dünya azərbaycanlılarının həmrəyliyinə nail olmasıdır.
Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli Liderin ən müqəddəs arzularından biri Dağlıq Qarabağ probleminin həll olunması idi. Şahidiyik ki, Ulu Öndərin bu arzusu 44 günlük II Qarabağ müharibəsində gerçəkləşdi.
Onun ürəyi Azərbaycan qədər geniş, Odlar yurdu kimi hərarətli idi. Sağlığında olduğu kimi, indi də Heydər Əliyev deyəndə Azərbaycanı, Azərbaycan deyəndə Heydər Əliyevi düşünürük. Heydər Əliyev Azərbaycan üçün Tanrının payı idi.
Heydər Əliyevin zəkası, onun ideyaları yaşamış olduğu həyatı boyu, səmərəli fəaliyyəti illərində Azərbaycan torpağı üzərində günəş kimi parlamış, xalqımızın, millətimizin inkişaf yollarını, həyatını nura qərq etmişdir. Azərbaycanlı adını daşıyan hər bir kəs fəxr duyur ki, Ulu Öndər millətimizin başını uca etmiş, ona fərəh gətirmiş, dahi şəxsiyyət Heydər Əliyev şüurlu həyatı boyu, hələ sağlığında öz mübarək adını dünyanın məşhur, sayılıb-seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının ünlü siyahısına yazmış və bu səbəbdən də yer üzündəki 70 milyon azərbaycanlı fəxarət duyur. Heç kəsə sirr deyil ki, Heydər Əliyev respublikamızda müxtəlif ictimai-siyasi formasiyalara rəhbərlik etmişdir. Onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə ayıra bilərik. 1969-1985-ci illər Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsini əhatə edir. Bildiyimiz kimi, həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində idi. O da bəllidir ki, Heydər Əliyev ittifaq büdcəsindən Azərbaycan Respublikasının daha çox vəsait ayrılması üçün sözün əsil mənasında fədakarlıq, qətiyyət göstərmişdir.
Böyük tarixi şəxsiyyətin, Ulu Öndərin uzaqgörənliyi bu günümüzdə hər bir vətən övladında sevinc və dərin heyrət doğurur. Azərbaycan Respublikasının uzaqgörən rəhbəri Sovet İttifaqı dönəmində belə gələcəyi düşünür, ölkəmizin nə vaxtsa müstəqilliyə qovuşacağına ürəkdən inanır və irəlicədən bunun üçün güclü maddi-texniki baza, təminat yaratmağa var qüvvəsi ilə çalışırdı.
Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi respublikamızın müstəqilliyinə 1993-2003-cü illərə təsadüf edir. Həmin dövrdə 1993-cü ilin iyununda Ulu Öndərin ali hakimiyyətə başladığı zaman ölkəmizdə ağlasığmaz dərəcədə ağır vəziyyət hakim idi. Belə çətin anda belə ağır, çıxılmaz vəziyyətdə Azərbaycanın o zamankı rəhbərləri, xalq, xalqın müdrik ziyalıları öz böyük oğlu – xilaskar oğlu Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular, ona Azərbaycana rəhbərlik etməyi təklif etdilər. Xalqının etimad dolu səsinə Heydər Əliyev qətiyyətlə cavab verdi, razılaşdı, millətə arxa durdu, özünəməxsus müdrikliklə yaranmış xaosu aradan qaldırdı və Azərbaycan Respublikasını ahəngdar inkişaf relslərinin üstünə çıxardı, nizam-intizamı normaya saldı, dövlətçiliyi bərqərar etdi.
Heydər Əliyevin rəhbər olduğu illərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük və ölçüyə sığmaz tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün narahat olduğu, düşündüyü, qayğı göstərdiyi doğma yurdu Azərbaycan Respublikasını bir dövlət kimi zamanın ağır, çətin və sərt sınaqlarından çıxarmışdır. O, böyük dövlət və siyasi xadim, müdrik rəhbər, xalqın lideri olaraq hələ sağlığında belə canlı əfsanəyə dönmüş, buna görə də Heydər Əlirza oğlu Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə, ağlasığmaz miqyasda coşqun siyasi fəaliyyəti həm Azərbaycan, həm də dünya mətbuatında geniş işıqlandırılmışdır. Heydər Əliyev Azərbaycanı daim demokratik bir respublika kimi görmək istəyirdi, bunu da öz ömründə görə bildi. Onun ömür salnaməsində yaşamaq, mübarizə aparmaq, taleyin, qüdrətin ona verdiyi sehirli və tükənməz enerjidən istifadə etmək yazılmışdı. Bu enerjidən faydalanarkən o heç bir zaman yanılmadı. O, siyasətdə də, ailə həyatında da, Tanrı qarşısında da öz mənəvi borcunu ödədi. Vətənə layiqli övladlar yetirdi, ölkəmizi müstəqil etdi, imperiya buxovlarını qırdı.
Bütünlükdə onu demək istərdik ki, Ulu Öndərin rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
İsmayıl MƏMMƏDLİ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmlər doktoru professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.