Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.05.2024 10:22
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda elmi seminar keçirilib

Biofizika İnstitutunda elmi seminar keçirilib

AR ETN Biofizika İnstitutunda The influence of heme oxygenase-1 overexpression in cancer cells on tumor angiogenesis mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov Telli Mirzəyevanı və seminar iştirakçılarını salamlayaraq, bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, elmi seminarların alim və gənc mütəxəssislərimiz üçün faydalı olduğunu vurğulayıb və mövzunun aktuallığı barədə məlumat verib.

Sonra Telli Mirzəyeva özünü təqdim edərək Polşanın Jagiellonian Universitetində “Molekulyar biotexnologiyalar” ixtisası üzrə magistraturanı (ingilis dilində) bitirdiyini, əlavə olaraq, Almaniyanın Witten Herdecke Universitetinde elmi işçi vəzifəsində çalışdığını qeyd edib.

Daha sonra gənc tədqiqatçı “The influence of heme oxygenase-1 overexpression in cancer cells on tumor angiogenesis” mövzusunda məruzə ilə çıxış edib. Xərçəng əlamətlərinin terapevtik hədəflənməsi, Heme Oksigenaza-1 (HO-1), Vaskulogenez, Angiogenez və onun tənzimlənməsi, Angiogenik siqnal yolları, C3H siçan modelinə yeridilmiş HO-1-i həddindən artıq ekspressiya edən şiş hüceyrələri ilə eksperimentin sxemi, SCC VII hüceyrələrinin C3H siçanlarına inyeksiyasından 1 ay sonra şiş nümunələrinin histoloji analizi, genetik cəhətdən dəyişdirilmiş SCC VII hüceyrə xətlərinin yaradılması, Image-J-dən istifadə edərək damar sahəsinin ölçülməsi haqqında təqdimatında geniş məlumat verib.

Qeyd edib ki, bir çox nəşrlər göstərir ki, xərçəngə qarşı terapevtik strategiyalar təkcə xərçəng hüceyrələrini deyil, həm də şişin mikromühitini - qeyri-xərçəng mənşəli hüceyrələri, eləcə də şişdəki hüceyrəsiz stromal komponentləri hədəf almalıdır. Bir sıra tədqiqatlar göstərdi ki, həm oksigenaza-1 tez-tez xərçəng hüceyrələrində həddindən artıq ekspressiya olunur, bu da angiogenezin artması və şişin böyüməsinin artması ilə müşayiət edilə bilər. Lakin məlum oldu ki, HO-1 paradoksal ikiqat təsirə malikdir. Bir tərəfdən, HO-1 ekspressiyasının artması normal hüceyrələrdə DNT-nin zədələnməsi və kanserogenezin başlanması riskini azaldır. Digər tərəfdən, onkogenezin sonrakı mərhələsində, HO-1-in həddindən artıq ekspressiyası xərçəng hüceyrələrinin yayılmasına və invazivliyinə kömək edə bilər.

Tədqiqatın məqsədinin sıçanların skuamöz (yastı) hüceyrə karsinomasında HO-1-in angiogenezə təsirini araşdırmaq olduğunu vurğulayıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda seminara yekun vuran professor Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə Telli Mirzəyevaya iştirakçılar və institutun rəhbərliyi adından təşəkkür edib, gələcək tədqiqatlarında uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: