AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının iclasında “Qlobal iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq elmi əməkdaşlıqda CASPİSNET (Caspian İntegrated Scientific Network) təşkilatının təcrübəsi və COP 29 çərçivəsində yaxın fəaliyyət perspektivləri” müzakirə edilib.
İclası Şuranın sədri akademik İbrahim Quliyev açaraq Xəzərin problemlərinin hərtərəfli öyrənilməsi sahəsində elmi tədqiqatların əhəmiyyəti, Xəzərin səviyyə problemlərinin Azərbaycanın və digər Xəzəryanı ölkələrin iqtisadiyyatına təsiri barədə məlumat vermiş, Coğrafiya İnstitutunun təşəbbüsü ilə yaradılmış və Xəzərin problemlərinin öyrənilməsində fəallığı ilə seçilən CASPİSNET (Caspian İntegrated Scientific Network - Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi) şəbəkəsinin tədqiqatlarının müasir texnologiyalardan və qabaqcıl beynəlxalq təcrübədən istifadə baxımından əhəmiyyətindən söz açmış, ölkəmizdə keçiriləcək COP29 tədbirləri çərçivəsində qlobal iqlim dəyişikliklərinin Xəzərin problemlərinə təsiri məsələlərinin diqqət mərkəzində saxlanılması zərurətini qeyd etmişdir.
Daha sonra ETN Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru, Beynəlxalq CASPİSNET şəbəkəsinin koordinatoru Elnur Səfərov “Xəzərin gələcəyi. Elm-siyasət-praktika-perspektivlər” adlı təqdimatla çıxış etmiş, bu elmi şəbəkənin yaranma tarixi, məqsədləri, elmi fəaliyyət istiqamətləri, imkanları, ətrafında birləşmiş elmi qurumlar və universitetlər, alimlər və tədqiqatçılar barədə məlumat vermiş, indiyədək görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, şəbəkənin fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Proqramının “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliklərinə qarşı mübarizə”, “Dəniz ekosisteminin mühafizəsi”, “Məqsədlər üçün tərəfdaşlıq” prioritetlərinə uyğun olaraq problemlərin həllinə yeni yanaşmalar əsasında həyata keçirilir.
2021-2022-ci illərdə CASPISNET Azərbaycanda “Handelens Miljofund” ekoloji fondu tərəfindən maliyyələşdirilən Norveç – Azərbaycan birgə “CRİPTİC” (Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian“ – “Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi”) layihəsi çərçivəsində, Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, “Azərkosmos” və ABŞ-ın “ESRI” şirkəti ilə Xəzər dənizində plastik tullantıların azaldılması və sahil zolağının belə tullantılardan təmizlənməsi istiqamətində əməkdaşlıq etmişlər. Layihənin gedişində Xəzərin plastik tullantılardan təmizlənməsi tədbirləri ilə yanaşı, dron texnikası və yeni matlab proqram tətbiqləri vasitəsilə Xəzər sahilinin rəqəmsal modeli yaradılmış, aidiyyəti təşkilatlarda çalışan 250-ə yaxın yerli alim, tədqiqatçı və mütəxəssis ödənişsiz şərtlərlə müasir peyk məlumatlarının, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, süni intellektin kompleks tətbiqi ilə təbii proseslərin coğrafi informasiya texnologiyaları (CİS) platformasında modelləşdirilməsi təcrübəsinə yiyələnmişlər.
CASPİSNET-in 2023-cü ilin iyununda ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və İsveçrənin Cenevrə Universitetinin təşkilatçılığı və BP Azərbaycan, Azərkosmos, “AzerGold” QSC, ARPA Consulting, “Hidroloq” MMC, Fransanın, Azərbaycan-Fransa İnstitutu, SOCAR-FUGRO, Azərbaycanın Coğrafiya Cəmiyyəti (ACC), AMEA və digər təşkilatların dəstəyi ilə keçirilmiş “Xəzər dənizinin xüsusiyyətləri: perspektivdə elm - siyasət - təcrübə interfeysi” mövzusunda illik toplantısında Xəzərin problemlərinin öyrənilməsi sahəsində aparılan elmi tədqiqatlar, Xəzərin səviyyə problemlərinin Xəzəryanı ölkələrə təsiri, Xəzər dənizinin sərvətlərinin gələcək nəsillər üçün qorunub saxlanılması üçün həyata keçirilən işlər və s. müzakirə edilmişdir. Azərbaycan, ABŞ, Fransa, İsveçrə, İtaliya, Rusiya alimlərinin iştirakı ilə baş tutmuş elmi tədbirdə CASPİSNET-in Xəzər problemlərinin tədqiqi və müzakirəsi üçün mötəbər platforma kimi tanınması xüsusi vurğulanmışdır.
Çıxışının sonunda E.Səfərov Azərbaycan elminə, gənc alimlərə, CASPİSNET şəbəkəsininin fəaliyyətinə diqqətinə, şəxsən onun Cenevrə Universitetində doktoranturada təhsil alması və birgə elmi araşdırmalar aparması üçün yaradılmış şəraitə görə ökə rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Neft və Qaz İnstitutunun direktoru Yer elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov Azərbaycan elminin Xəzərin problemlərinin öyrənilməsində ənənəvi avanqard rolu, 2014-2023-cü illərdə, on il ərzində Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun ABŞ-nin Kaliforniya Texnologiyalar İnstitutunun NASA Jet Propulsion Laboratoriyası ilə çoxsensorlu peyk məlumatlarından istifadə etməklə Qızıl-Ağac Dövlət Qoruğunun sahil transformasiyalarının timsalında Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil xəttinin dinamikası istiqamətində apardığı elmi tədqiqatlardan söz açmış, optik və radar peyk məlumatlarının kombinasiyasından istifadə edilməklə tərtib edilmiş Xəzər sahil xəritəsinin əhəmiyyətindən, Xəzər dənizinin səviyyəsinin enməsinin sahil ekosistemlərinə və biomüxtəlifliyə ciddi təsirindən, bu proseslərdə təbii geoloji proseslərin, insan fəaliyyətinin, iqlim dəyişikliklərinin və təbii tektonik proseslərin təsir dərəcəsinin müəyyən edilməsi üçün inteqrasiya olunmuş və çoxölçülü monitorinq yanaşmalarının əhəmiyyətindən danışmış, bu mövzuda dünyanın aparıcı elmi jurnallarında nəşr olunmuş son məqalələri barədə məlumat vermişdir.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri akademik Əkbər Feyzullayev Xəzərin problemlərinin öyrənilməsində Xəzəryanı dövlətlərin əməkdaşlığının vacibliyini, iki böyük Xəzəryanı dövlətin beynəlxalq sanksiyalara məruz qalması şəraitində alimlərin fərdi səviyyədə əməkdaşlığının əhəmiyyətindən, iqlim dəyişmələri, COP 29 çərçivəsində keçiriləcək tədbirlər çərçivəsində Xəzərin səviyyə dəyişiklikləri ilə bağlı akademik elmin tövsiyələrinin hazırlanmasının zərurətini qeyd etmişdir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri AMEA müxbir üzvü Qurban Yetirmişli seysmik qırılmaların dənizin səviyyəsinə təsir mexanizmlərindən, geodinamik proseslər nəticəsində yaranan dib çatlarından, Günəş aktivliyi və maqnit qravitasiya sahələrinin dəyişməsindən bəhs etmiş, Xəzər problemlərinin kompleks öyrənilməsinin zəruriliyini qeyd edərək, belə tədqiqatlar üçün RSXM-də məlumat bazasının imkanlarından söz açmış, ölkəmizin ərazisində mövcud olan 84 müasir, peyk rabitəsi ilə işləyən seysmoloji stansiyadan, geofiziki və geokimyəvi stansiyalardan və 24 GPS stansiyasından ibarət şəbəkənin hərtərəfli seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatların aparılmasına imkan verdiyini, dünyada ilk dəfə Azərbaycanda palçıq vulkanlarının ətrafında 12 seysmik stansiyanın quraşdırıldığını, həmin stansiyaların əlavə olaraq iqlim ölçmələri ilə bağlı, məsələn, karbon və metan ötürücüləri ilə təhciz olunmasını təklif edərək bu təqdirdə onların tədqiqat imkanlarının xeyli genişlənəcəyini bildirmişdir.
Şuranın iclasında qlobal iqlim dəyişikliklərinin Ön Asiyadan gələn isti küləklərin davamlığına və gücünə, bunun isə öz növəsində, Xəzər dənizində səth buxarlanmasının artmasına təsiri, Xəzərlə bağlı problemlərin ərzaq təhlükəsizliyinə, balıqçılığa, demoqrafik proseslərə təsirləri, Volqa-Don kanalının qeyri-işlək vəziyyətə düşməsi ilə naviqasiyanın pozulması nəticəsində gəmiçiliklə bağlı problemlər də müzakirə edilmişdir.
İclasın sonunda Şuranın sədri akademik İbrahim Quliyev ETN Neft-Qaz İnstitutunda hazırlanmış və iqlim dəyişilmələrinin yumşaldılmasından əsas amilərindən biri olan karbon qazının (CO2) və metan (CH4) tullantı mənbələrinin və miqdarının müəyyən edilməsi, tullantıların invertarizasiyasının aparılması, tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu imkanlarının araşdırılması, tutulub yığılması və saxlanması, onlardan metanol və karbamid istehsalında, neft laylarına vurulmaqla neft hasilatının artırılmasında istifadə edilməsinə yönəlmiş layihənin rellaşdırılması istiqamətində müvafiq dövlət orqanları ilə aparılan danışıqlar barədə məlumat vermişdir.
AMEA YEB-nin Elmi şurası COP29 çərçivəsində elmi tədbirlərin hazırlanması və keçirilməsi, Bölmənin alimlərinin COP29 gündəliyi ilə bağlı nəşr fəallığının artırılması, “Azərbaycanın palçıq vulkanları” və “Azərbaycan nefti” adlı elmi-populyar nəşrlərin, ingilis dilində elmi məqalələr toplusunun çapa hazırlanması, “Azərbaycanda iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq istifadədən çıxarılmış qaz laylarında yığılması və metanol / karbamid istehsalında xammal olan təbii metan qazı (CH4) əvəzinə istifadə edilməsi Layihəsi” ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri və SOCAR şirkətinə verilmiş təkliflərlə bağlı müzakirələrin intensivləşdirilməsi barədə müvafiq qərar qəbul etmişdir.
Şuranın iclasında AMEA YEB əhatə dairəsində olan bir sıra elmi müəssisələrin əməkdaşları elmi nailiyyətlərinə və ictimai həyatda fəal iştiraklarına görə Bölmənin Fəxri fərmanı ilə təltif edilmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.