Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir
15.05.2024 11:45
  • A-
  • A
  • A+

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağda keçirdikləri görüşlər, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakları vədə sadiqlik nümunəsidir.

«Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi», «Şərqin konservatoriyası» adlandırılan Şuşanın inkişafına milli-mənəvi sərvətlərimizə hörmət, tariximizin yaşadılıması baxımından xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev bu torpağa sevgisini «Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur» sözləri ilə ifadə etmişdir. Torpaqlarımızın Ermənistanın işğal altında qaldığı illərdə bu inamını «Biz qayıdacağıq əzəli torpaqlarımıza, inanın ki, qayıdacağıq Şuşaya, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Laçına, Füziliyə, Qubadlıya, Zəngilana qayıdacağıq!» sözləri ilə ifadə edən, respublikaya ilk rəhbərliyi dövründə Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyətinin inkişafına diqqət göstərən Ulu Öndər Heydər Əliyevin «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”» sözləri həqiqi mənada qala kimi qorunan bu şəhərin bütünlükdə ölkəmizin ictimai-siyasi həyatındakı roluna verilən qiymətdir. «Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazımdır» məntiqinin həlli üçün Vətəninə imkanlarından da artıq xidmət göstərən müdrik şəxsiyyət Heydər Əliyevin bu amal uğrunda tarixi xidmətlərini davam etdirən Prezident İlham Əliyevin Şuşanın yenidən qurulması istiqamətində göstərdiyi qətiyyət Ümummilli Liderin ən böyük arzusunun gerçəkləşməsidir.

Torpaqlarımız işğal altında qalanda «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır» söyləyən Ulu Öndər təcrübəli siyasi, dövlət xadimi, əsl vətənpərvər kimi yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. Bu inamı «Şuşasız bizim işimiz yarımçıq qalar» sözləri ilə doğruldan Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək nəyi, necə, nə vaxt etməyin formulunu düzgün müəyyənləşdirdi.

2020-ci ilin noyabrın 8-də Dövlət Bayrağımızın Şuşada dalğalandırılması ilə Ulu Öndər Heydər Əliyevin arzusunu reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyev «Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə müasir dövrümüzün Liderlik, Sərkərdəlik fəlsəfəsinə, Zəfər Gününün əbədiliyinə imza atdı. Artıq doğma, azad Şuşa dirçəlir, yenilənir, müasirləşir, Şərq mədəniyyətinin nümunəsi kimi inkişaf edir.

Ötən ilin 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin «İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru» mövzusuna həsr edilmiş 12-ci Konfransında 2024-cü ildə abidələr məkanı Şuşa şəhərinin «İslam mədəniyyətinin paytaxtı» elan olunması Şərq aləminin, müsəlman dövlətlərinin ölkəmizə marağını daha da artırır. 2023-cü il noyabrın 10-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin «Gənclər Paytaxtı- 2024» Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilməsi artıq Şərqdə belə zəngin mədəniyyət nümunələri ilə tanınan bu qədim şəhərə göstərilən diqqət oldu. Onu da qeyd edək ki, 4-5 oktyabr 2023-cü il tarixlərində İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında isə Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üçün turizm paytaxtı adına layiq görüldü. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə mötəbər beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bu şəhərin mənəvi dəyərini daha da artırır. «Xarıbülbül» musiqi festivallarının, Vaqif Poeziya Günlərinin, Dünya Azərbaycanlılarının Zəfər Qurultayının və digər mühüm beynəlxalq tədbirlərin keçirildiyi bu məkan bütün Şərq dünyasının incisi adlandırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il isə Azərbaycanda «Şuşa İli» elan olundu. Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsinin bu qədim diyarda imzalanması ilə Şuşa, Cıdır düzü həm də qardaşlıq məkanı, siyasət arenasına da çevrildi. Dünyanın müxtəlif güşələrindən gələn qonaqları gözəl təbiəti, möhtəşəm görünüşü ilə heyran edən bu qədim diyar mədəniyyət ocağı kimi tanınsa da hazırda, eyni zamanda, qəhrəmanlıq, Zəfər, sülh rəmzidir”.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağda keçirdikləri görüşlər, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakları rəmzi məna daşıyırdı. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyevin vurğuladığı kimi, savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. «Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdir» söyləməklə uydurduqları miflərə, işğal etdikləri torpaqlarda daimi qalacaqlarına inanan ermənilərə, işğalı əbədiləşdirməkdə israrlı olan havadarlarına çatdırdı ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz şanlı tariximizdir.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsini tarixi Qələbəmizin uğur salnaməsinin qalibiyyət səhifəsi kimi dəyərləndirən dövlət başçımız İlham Əliyev Ermənistanın kapitulyasiya aktını imzalamasını erməni faşizminin, separatizminin süqutu, Şuşanı Azərbaycan xalqının əyilməz ruhunun rəmzi adlandırır. Ulu Öndərin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməlinin qoyulmasını, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin uğurlu davamını varisliyə sadiqlik adlandırır. «Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır» söyləyən Prezident İlham Əliyev açılışında iştirak etdiyi yol-nəqliyyat, enerji infrastrukturunun yenilənməsi sahəsində aparılan işlərin uğurlu davamını Böyük Qayıdışın nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə edir. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində çəkilən Zəfər yolu, inşa olunan tunellər, Şuşanın tarixi abidələrinin bərpası, Azərbaycanın sevilən şairi Molla Pənah Vaqifin bərpa olunan məqbərəsi, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin bərpasından sonra Mamayı məscidinin, Şirinsu hamamının əsaslı təmirdən sonra açılışı, Çöl Qala məscidində bərpa işlərinə başlanılması bu şəhərin simasını daha da gözəlləşdirəcək. Şuşada artıq dörd mehmanxana fəaliyyət göstərir, Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Memarlıq uslubunda inşa edilən beşulduzlu «Şuşa» mehmanxanası qonaqları heyran edir. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işlərinin yekunlaşması, Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən güllələnmiş abidəsinin yenidən öz yerinə qoyulması, dahi bəstəkarın ermənilər tərəfindən dağıdılmış evinin yenidən qurulması, qısa müddətdə aparılan bərpa-quruculuq işləri göstərir ki, vəd edildiyi kimi, Şuşa müasir şəhərsalma qaydalarına uyğun yenidən qurulur, dirçəlir. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Şuşa artıq altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər evlərinə qayıdır. Eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ən azı 20 yaşayış məntəqəsində bərpa-quruculuq işləri davam etdirilir. Bu reallıqları görməyi çox arzulayan Ulu Öndər Heydər Əliyevin doğum günündə bir qrup şuşalının doğma ocaqlarına qayıtması bu qədim qalanı ermənilərə satan səbatsızların xəyanətlərinin ifşasıdır.

«Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar» söyləyən Prezident İlham Əliyev bu gün də uğurlarımıza, yenidən dirçələn Şərqi Zəngəzurda, Qarabağda aparılan quruculuq işlərinə kölgə almağa çalışan «Milli Şura»nın xəyanətkar, sözdə «demokrat»larının xəyanətlərini bir daha xatırlatdı. Hakimiyyətə gəlmək üçün xalqın azadlıq istəklərindən mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edənlərin hazırda da eyni əqidədə olduqlarını mənəviyyatsızlıq adlandırdı.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə səbatsızların xəyanətlərinə son qoyuldu. Hazırda dünya ictimaiyyətini heyrətləndirən qüdrətli Azərbaycanın inkişafının konseptual proqramları həyata keçirilir. Ümummilli Liderin siyasətinin davam etdirilməsi ilə ölkəmiz dünyada sözünün sahibi olan dövlət kimi etimad qazandı. «Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar» söyləyən Prezident İlham Əliyev Ermənistanın işğalı altında qalan Qazaxın 4 kəndinin qeyd-şərtsiz qaytarılmasını, delimitasiya və demarkasiya prosesinin sülh tərəfdarı olan Azərbaycanın şərtləri əsasında davamını xalqımızın növbəti zəfəri adlandırır.

Ölkəmizin xarici siyasətinin əsas motivlərini təşkil edən «Azərbaycan heç vaxt müharibə istəməmiş, bu gün də eyni siyasətinə sadiqdir» sözləri ilə bildirən Prezident İlham Əliyev torpaqlarımızı Ermənistana vəd edən Kremlin ermənipərəst rəhbərlərinin-Mixail Qorbaçovun, Boris Yeltsinin xalqımıza qarşı ədalətsiz mövqeyinin bu gün başqa dövlətlər, dairələr tərəfindən davam etdirilməsini Cənubi Qafqazda sabitliyin bərpasına yönələn riyakarlıq adlandırıb. Fransanın, ABŞ-ın Ermənistana açıq-aşkar dəstəyinin heç bir nətcə verməyəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. İşğaldan azad edilmiş ərazilərimizə səfər edən, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrindən fərqli olaraq lənətlənmiş Minsk qrupunun həmsədrlərindən olan ABŞ, Rusiya və Fransa diplomatlarının bu təşəbbüslərdən kənarda qalmaları Azərbaycan ictimaiyyəti tərəfindən ictimai qınağa səbəb olmuşdu. Bu günlərdə ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfirinin Şuşaya səfərini ölkəmizə guya hörmət kimi qələmə verənlərə «Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik» sözləri ilə cavab verən dövlət başçımız İlham Əliyev beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasətimizin dəyişilməz prinsiplərini Ermənistanı dəstəkləyənlərə, rəsmi İrəvana havadarlıq edənlərə xatırladır: «Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq».

Bu bölgədə öz maraqların diktə etməyə çalşanlar bir daha siyasətlərini korrektə etməlidirlər. Prezident İlham Əliyevin «Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm» sözlərindən nəticə çıxarmalıdırlar. Tarixi həqiqət göstərdi ki, torpaqlarımızı viran qoyub, Aşağı Gövhər Ağa məscidinin sütununa xaç işarəsi çəkməklə Şuşanı erməniləşdirmək sərsəmlikdir.Təkcə Şuşada həyata keçirilən heyrətamiz yeniliklər, bərpa-quruculuq işləri göstərir ki, Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq, Dövlət Bayrağımız Xankəndi də daxil olmaqla daim ən yüksək zirvələrdə dalğalanacaq.

Bayram XUDAYAROV, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: