Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.12.2015 15:56
  • A-
  • A
  • A+

AMEA-nın iki institutu ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın iki institutu ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyevin adını daşıyan Mərkəzində AMEA-nın Neft-Kimya Prosesləri və Polimer Materialları institutları ilə  SDU arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.

Dəyirmi masada AMEA prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik  Dilqəm Tağıyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetdə yerləşən büstü önünə gül dəstələri qoydular.

Sonra SDU-nun  rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi bu elm ocağında görməkdən  məmnun olduğunu bildirdi. “Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır” deyə bildirən rektor əməkdaşlıq müqaviləsinin məhz Heydər Əliyevin adını daşıyan Mərkəzdə imzalanmasının da təsadüfi xarakter daşımadığını vurğuladı.

Rektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi.  Qeyd etdi ki, universitetdə xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili  bölmələri yaradılmışdır.

Rektorun sözlərinə görə, ölkə başcısı İlham Əliyevin təhsil, elm sahəsində imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.

SDU-nun rəhbəri AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə imzalanacaq əməkdaşlıq müqaviləsinin elm və təhsilin inteqrasiyasına təkan verəcəyinə əminliyini ifadə etdi.

AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elm və elm adamlarına yüksək dəyər verildiyini, çağdaş dövrümüzdə də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı. Alim bu gün Sumqayıt Dövlət Universitetində imzalanacaq əməkdaşlıq müqaviləsinin elm və təhsilin inkişafı üçün böyük imkanlar açacağını diqqətə çatdırdı.

Görüşdə, həmçinin müəllim və tələbələrin AMEA-nın institutlarına cəlb edilməsi, müvafiq istiqamətlər üzrə mövcud ixtisaslar arasında elmi-tədqiqat işlərinin, layihələrin hazırlanması və yerinə yetirilməsi məqsədi ilə Sumqayıt Dövlət Universiteti, AMEA-nın Neft Kimya Prosesləri İnstitutu və Polimer Materiallar İnstitutundan olan tədqiqatçıların ədəbiyyat və kitabxana  materialları ilə təmin ediləcəyi bildirildi. Qeyd olundu ki, hər üç elmi müəssisədə müvafiq  kafedraların və filialların açılması, birgə elmi layihələrin və qrantların hazırlanması, əldə edilmiş nəticələrin seminarlarda, konfranslarda müzakirə olunması, kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrimizin  möhkəmlənməsi ilə yanaşı, Azərbaycan təhsilinin  və elminin inkişafına da mühüm töhfələr verəcək.

Sonda AMEA-nın Neft-Kimya Prosesləri və Polimer Materialları institutları ilə  SDU arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləni AMEA tərəfindən akademiklər  Dilqəm Tağıyev, Vaqif Abbasov və Akif Əzizov, SDU tərəfindən isə universitetin rektoru Elxan Hüseynov imzaladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: