Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Mövcud olan su qurğuları ərazisində bərpa olunan enerji mənbələrindən istifadə. Ceyranbatan hidrotexniki qurğularının elektrik enerjisini Günəş Elektrik Stansiyası ilə təmin edilməsi” mövzusunda seminar keçirilib.
Məruzəçi “Azərsu” ASC Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun Elektromexanika və avtomatika sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsinin rəisi Rəşad Kərimov olub. Burada məruzəçi Ceyranbatan açıq tipli su anbarı üzərində üzən günəş panellərinin quraşdırılması, onların üstünlükləri və texniki göstəriciləri və alternativ enerji ilə bağlı digər məsələlərə yer verib.
Tədbiri Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. O, seminarda təqdim olunan mövzunun iqlim dəyişiklikləri ilə bağlı olduğunu, bəşəriyyətin üzləşdiyi problemin həlli üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. R.Rüstəmov Bakıda keçiriləcək COP29 tədbirindən danışıb, bildirib ki, məruzənin mövzusu gündəm üçün olduqca aktualdır.
Məruzə Fizika İnstitutunun əməkdaşları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.