Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Göygöl Milli Parkının dendroflorası” kitabının təqdimatı olub.
Təqdimat Göygöl Milli Parkında baş tutub.
Dendrologiya İnstitutunun baş direktoru v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova illərdi Göygöl Milli Parkının dendroflorasının öyrənilməsi məqsədi ilə çoxsaylı ekspedisiyalar, çöl marşurutları təşkil edilməklə tədqiqatlar aparıldığını, Göygöl Milli Parkının ətraf ərazisinin təbii bitki örtüyünün taksonomik tərkibinin araşdırıldığını, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri öyrənilərək, relikt, endemik nadir və nəsli kəsilməkdə olan bitkilərin təhlil edildiyini vurğulayıb.
Sözügedən vəsaitdə bitkilərin Azərbaycanda yayılması, bоtaniki təsviri, ekоlоgiyası, istifadə perspektivliyi haqqında məlumatlar verilib.
Qeyd edək ki, oxucuya 38 fəsiləyə, 79 cinsə aid 229 növ ağac və kol bitkiləri haqqında məlumat verilir. Təqdim olunan bu kitab botaniklər, ekoloqlar, dendroloqlar, geobotaniklər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub. Kitabda olan elmi məlumatlar çoxillik elmi tədqiqat işlərinin məhsuludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.