AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Qazaxıstan Respublikası Elmlər Akademiyası və Əl-Fərabi adına Qazax Milli Universiteti “Yazılı Abidələr və Mənəvi İrs” Elmi-tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi simpoziumun plenar iclasını giriş nitqi ilə Əl-Fərabi adına Qazax Milli Universitetinin “Yazılı Abidələr və Mənəvi İrs” Araşdırmalar Mərkəzinin direktoru professor Zibeydə Şadkam açıb və çıxış üçün sözü Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimliyə verib.
Akademik Teymur Kərimli açılış nitqi ilə çıxış edərək, əvvəlcə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından gələn qonaqları salamlayıb. Daha sonra türk təbabəti sahəsində tədqiqat nəticələrinin qarşılıqlı müzakirəsi və bu istiqamətdə təcrübə mübadiləsi məqsədilə keçirilən bu konfransın vacib və önəmli bir sahəni əhatə etdiyini qeyd edib. O, türk şəfa sənətinin mühüm elmi tədqiqat obyektinə çevrildiyini diqqətə çatdıraraq, “ənənəvi təbabət”, “xalq təbabəti”, “etnotəbabət” kimi bir neçə adla səciyyələnən bu çoxşaxəli sənət sahəsinin tədqiqatçılardan təkcə dərin bilik və təcrübə deyil, həm də elmi təcrübə mübadiləsinə fəal dəstək tələb etdiyini vurğulayıb. Gələcək tədqiqat istiqamətlərinin inkişafına şərait yaradan bu kimi ümumi dialoq platformasının yaradılmasının son dərəcədə mühüm bir addım olduğunu qeyd edən alim konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasda, həmçinin Qazaxıstan Respublikası Elmlər Akademiyasının elm və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nurlan Seydin təbrik nitqi ilə, Qazaxıstan Respublikası Milli Kitabxanasının “Nadir kitablar və əlyazmalar” xidmətinin departament rəhbəri Gülşat Abikova isə “Qazaxıstan Respublikası Milli Kitabxanasının nadir kolleksiyasında olan qədim əlyazmalar” mövzusunda məruzə ilə çıxış edib.
Açılış mərasimində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşına konfransın təşkilindəki dəstəyə görə Qazaxstan Elmlər Akademiyasının təşəkkürnaməsi təqdim olunub.
Plenar iclasdakı çıxışlardan sonra simpozium məruzələrinin dinlənilməsi ilə öz işinə davam edib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – fəlsəfə elmləri doktoru dosent Zəkiyyə Əbilova “Yusif Məhəmməd Əl-Xarəzminin “Məfatihul-Ülum” əsərində tibb bölümü və onun fəsilləri”, Sonaxanım Hadıyeva isə “Qədim təbabət və Məhəmməd Hadi” mövzularında məruzə ediblər. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Polşa kimi ölkələrin əlyazmaşünas alim və tədqiqatçılarının əyani və onlayn şəkildə məruzələri dinlənilib. Səslənən məruzələr “İpək Yolu boyunca tibbi bilik və mədəni mübadilə”, “Türk təbabəti və tədqiqi problemləri”, “Şərqin və qədim yunan-romalıların orta əsr təbabəti və onların xüsusiyyətləri” kimi elmi mövzuları əhatə edib.
Konfrans çərçivəsində təltifolunma mərasimi də keçirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli başda olmaqla konfrans iştirakçılarına beynəlxalq elmi-praktiki Konfransda fəal iştiraklarına görə təşkilatçı qurumların sertifikatı təqdim olunub.
Tədbirin sonunda konfrans iştirakçılarının ümumi xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.