AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” Dövlət Agentliyi arasında memorandum imzalanıb.
Bakıda keçirilmiş “Orta əsr türk təbabəti və irsi: keçmişi və bu günü, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bağlanan memorandumu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” Dövlət Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nurlan Seydin imzalayıblar. Memorandum iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmliyinin, Azərbaycanla Qazaxıstanın elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlığının növbəti təzahürüdür.
Qeyd edək ki, memorandumun bağlanmasında əsas məqsəd türk xalqlarının tarixi-mədəni irsinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi, türkdilli xalqlar arasında tarixi, elmi və mədəni identikliyin tədqiqi, ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsi, mədəniyyət, təhsil, elm, tədqiqat və informasiya xidmətləri sahəsində qarşılıqlı əlaqələrin qurulması, qlobal məlumat bazalarına və müasir təhsil resurslarına ümumi çıxışın təmin edilməsi, biliklərin yayılması və təcrübə mübadiləsi, o cümlədən elmi, texniki və humanitar sahələrdə mədəni yüksəlişin əldə olunması üçün digər oxşar profilli müəssisələrlə müştərək beynəlxalq əlaqələrin qurulmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.