Dekabrın 16-da Qahirə Universitetinin alimi, Misir Mədəniyyət Nazirliyinin Nəşriyyat və redaksiya şöbəsinin rəhbəri Əbdürrəhman əl-Hicazi AMEA Şərqşünaslıq İnstitutunda olub. Misirli alimi ölkəsinin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşayiət edib.
İlk olaraq Ə.Əl-Hicazi institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Misir-Azərbaycan ədəbi, elmi əlaqələrindən danışılıb, qonağa Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib. Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Ə.Əl-Hicazi Şərqşünaslıq İnstitutunda ərəb ədəbiyyatına dair aparılan tədqiqatların Misirdə çap etdirməyə hazır olduqlarını bildirib.
Daha sonra Əbdürrəhman əl-Hicazi institutun ərəbşünas alimləri ilə görüşüb. Görüşdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir