Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2024 11:40
  • A-
  • A
  • A+

AMEA-nın 44 günlük Vətən müharibəsində ilk şəhidi Mahsun Bağırzadənin yenilənən xatirə guşəsinin açılışı olub

AMEA-nın 44 günlük Vətən müharibəsində ilk şəhidi Mahsun Bağırzadənin yenilənən xatirə guşəsinin açılışı olub

Vətən müharibəsində qəhrəmancasına şəhid olan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin doğum günündə yenilənən xatirə guşəsinin açılışı olub.

Öncə Şəhidlər xiyabanında Mahsun Bağırzadənin məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin xatirəsini əbədləşdirmək məqsədilə Lənkəran Regional Elmi Mərkəzinin foyesində təşkil olunmuş xatirə guşəsinin açılışında rayon rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Mərkəzin direktoru f.ü.f.d. Mehman Əliyev çıxış edərək şəhidin döyüş yolundan, düşmən təxribatının qarşısını alarkən göstərdiyi igidlik və şücaətdən söz açıb. Qeyd olunub ki, məhz Mahsun Bağırzadə kimi Vətən oğullarının qəhrəmanlıqları və ayıq-sayıqlığı nəticəsində düşmənin istənilən təxribatının qarşısı alınıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan direktor həmin qələbədə payı olan Mahsun kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib.

Mehman Əliyev şəhidin ailəsinin hər zaman dövlətimizin, o cümlədən AMEA rəhbərliyinin və Mərkəzin diqqət və qayğısı ilə əhatə edildiyini söyləyib. 4 may 2024-cü il tarixində Mahsunun və döyüş yoldaşlarının şəhid olduğu müqəddəs torpaqlarımıza - Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıya etdikləri səfərləri barədə məlumat verən Mehman Əliyev şəhidin xatirə guşəsinin AMEA rəhbərliyinin dəstəyi ilə yeniləndiyini diqqətə çatdırıb. Direktor şəhidlik zirvəsinə ucalan Mahsun Bağırzadənin təkcə lənkəranlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb.

Sonra AMEA Azad Həmkarlar İttifaqı Komitəsinin sədri siy.e.ü.f.d., dosent Sənan Həsənov, HİK sədrinin müavini Şəhla Əmirova, Zəngəzur Cəmiyyətlər İctimai Birliyinin sədri t.ü.f.d. Hacı Nərimanoğlu, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d., dosent Sübhan Talıblı, Tarix və Etnologiya İnstitutunun əməkdaşı t.ü.f.d. İlham Həsənov, eləcə də Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, “Lənkəran LŞ - Audit” kompaniyasının direktoru Fəhrəddin Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, axund Mirbaba Tahirov, Azərbaycan Beynəlxalq Bankı Lənkəran filialının direktoru Rövşən Abbasov, şəhidin komandiri Elnur Talıbov, Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Əlisəfa Bünyatzadə, rayonun ictimaiyyət nümayəndələri və Mərkəzin kollektivi yenilənən guşənin önünə qərənfillər düzüb, şəhidin ruhuna dualar oxuyublar.

Astara rayonunun Əzərüd kəndindən əfsanəvi Aprel şəhidi Pəncəli Teymurovun anası Vahimə xanım çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, biz şəhid anaları başımızı həmişə uca tutmalıyıq. Çünki, tanrı övladlarımızı cənnətlə mükafatlandırıb.

Qeyd edək ki, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Zahir oğlu Bağırzadə 30 may 1998-ci il tarixdə Lənkəran rayonunun Xanbulan qəsəbəsində doğulub. O, ikinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 28-də könüllü olaraq cəbhəyə gedib. Şərəfli döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından keçib. 2020-ci il oktyabr ayının 22-də Qubadlı rayonunun “Yazı düzü” adlanan ərazisində qəhrəmancasına şəhidlik məqamına yüksəlib. O, 4 noyabr 2020-ci il tarixində doğulduğu qəsəbənin Pir Yaqub ziyarətgahında torpağa tapşırılıb. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: