Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yüzlərlə ulduz səmada iz qoymadan itib
03.06.2024 10:31
  • A-
  • A
  • A+

Yüzlərlə ulduz səmada iz qoymadan itib

Dünyanın müxtəlif ölkələrindən olan astronomlar VFTS 243 qoşa sistemini araşdıraraq ulduzun heç bir ifratyeni izi qoymadan qara dəliyə çevrildiyini təsdiq ediblər.

Məlumdur ki, kiçik və orta kütləli ulduzlar həyatlarının sonunda yavaş-yavaş zəifləyərək tutqunlaşır, daha massiv ulduzlar isə ifratyeni ulduz kimi alışaraq neytron ulduzu və ya qara dəliyə çevrilirlər. Lakin müşahidələr göstərir ki, bəzən ulduzun yerində heç bir iz qalmır. Statistikaya əsasən yüzlərlə ulduz heç bir iz qoymadan səmada itib, halbuki onlar ifratyeni kimi alışaraq yerində sürətlə genişlənən dumanlıq qalmalı idi.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, astronomlar müəyyən ediblər ki, bəzən son mərhələdə alışmaya təkan verəcək şok dalğaları yaranmır. Nəticədə ulduz heç bir iz qoymadan səmada itir. Fərz olunurdu ki, əgər ulduz birbaşa kollaps edərək qara dəliyə çevrilirsə, o zaman müşahidə olunan atılmış kütlə və zərbə impulsunun qiyməti kiçik olmalıdır, qalıq enerji isə ola bilsin ki, neytrino şülanmasına çevrilir.

Bütün bu mülahizələrə aydınlıq gətirmək üçün tədqiqat qrupunun üzvləri VFTS 243 qoşa sisteminə fokuslanıblar. Bu sistem Böyük Magellan Buludunda Tarantula dumanlığında yerləşir. Komponentlərdən biri təxminən 10 Günəş kütləsinə malik inert qara dəlik, digəri isə 25 Günəş kütləli O spektral sinifli massiv mavi ulduzdur. Qoşa sistemin periodu ~10 günə bərabərdir, əgər alışma baş versə idi period daha kiçik olmalı idi, zərbə impulsu isə gözlənilən qiymət aralığı daxilindədir. Sistemdə qara dəliyi formalaşdıran hər hansı bir ifratyeni qalıqları, müəyyən şüalanma izi və ya sistemin orbitində hər hansı bir dəyişiklik yoxdur. VFTS 243 birbaşa kollaps nəzəriyyəsinin proqnozlaşdırdığı xüsusiyyətləri təsdiqləyir. Son nəticə olaraq tədqiqat qrupu belə qərara gəlib ki, nisbətən kiçik kütləli massiv ulduzlarda neytrino maddə atılması mexanizmini üstələyir, nəticədə ulduz alışmadan öz içinə kollaps edərək sönür və kütlənin əsas hissəsi neytrino, qismən isə qravitasiya dalğaları vasitəsilə buxarlanır.

Tədqiqat işinin nəticələri “Physical Review Letters” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: