Kənd Təsərrüfatı Nazirliyinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Qobustan Bölgə Təcrübə Stansiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Qlobal iqlim dəyişiklikləri şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın problemləri, müasir yanaşmalarla quraqlığa davamlılığın və məhsuldarlığın artırılması” mövzusunda tarla seminarı keçirilib.
Buğda bitkisini tədqiq edən alimlərin, seleksiyaçıların, gənc tədqiqatçıların və fermerlərin iştirak etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, kənd təsərrüfatı nazirinin müavini professor Elçin Zeynalov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, KTN Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, “Qarabağ yem fabriki” MMC-nin direktoru Rafail Mahmudov, Qobustan BTS-in direktoru Atabəy Cahangirov, fermerlər və b. çıxış edərək dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onlara qarşı mübarizədə alim və mütəxəssislərin üzərinə düşən vəzifələrdən, bu günə kimi görülmüş və planlaşdırılan elmi fəaliyyətlərdən danışıblar.
Çıxış və müzakirələrdə qeyd edilib ki, klassik seleksiyanın imkanlarının tükəndiyi, əkin sahələrinin genişləndirilməsi imkanlarının daraldığı, qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi hazırkı dövrdə müasir, o cümlədən genom səviyyəsində tədqiqatların aparılması olduqca aktuallaşmışdır. Bütöv genomlar üzrə assosiasiyaların tədqiqi və yeni nəsil sekvens texnologiyaları - mürəkkəb əlamətlərlə əlaqəli genetik variantların identifikasiyası üçün bu gün elmi seleksiya və digər bitki tədqiqatları sahəsində mövcud olan ən güclü yanaşmalar hesab olunur.
Müasir metodlarla bitki tədqiqatlarının və elmi seleksiya işinin aparılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin etməliyik” çağırışına elm adamlarının töhfəsi hesab edilə bilər. Bu istiqamətdə ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyası uzun müddətdir ki, səmərəli əməkdaşlıq əlaqələri saxlayırlar. Artıq birgə tədqiqatlarla stres amillərinə davamlı və yüksək məhsuldar 2 genotip seçilərək yeni sort kimi dövlət sınağına təqdim edilmişdir. Qobustan Bölgə Təcrübə Stansiyasında bu genotiplərin təcrübəvi əkin sahələri salınmışdır.
Akademik İradə Hüseynova öz çıxışında diqqət çəkib ki, aqrar sahədə orta və uzun müddət üçün başlıca məqsədlərdən biri iqlim dəyişiklikləri və streslərin güclənməsi dövründə taxıl bitkilərinin, xüsusən strateji məhsul olan ərzaqlıq buğdanın məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasına, kənd əhalisinin həyat qabiliyyətli inkişafına, ətraf mühitin mühafizəsi ilə rəqabətqabiliyyətli bölmənin təşəkkül tapmasına nail olmaqdan ibarətdir. Ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələrinin təsirinin yumşaldılması istiqamətində Azərbaycanda son illərdə ciddi addımlar atılıb, dünya birliyi tərəfindən də təqdir edilən tədbirlər görülüb. Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin yadigarı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda KTN Əkinçilik ET İnstitutu ilə əməkdaşlıqda müvafiq istiqamətlərdə bir sıra mühüm fundamental və tətbiqi nailiyyətlər əldə olunub. Bu gün yüksək iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasının aqrar sahədə, o cümlədən taxılçılıqla bağlı mövcud olan bütün problemləri həll etməyə və beləliklə, idxaldan olan asılılıqdan xilas olmağa gücü və qüdrəti yetərincədir. Akademik İradə Hüseynova əminliyini bildirmişdir ki, ərazi bütövlüyü və suverenliyini təmin etmiş Azərbaycanda bu məqsədə də ən qısa zamanda nail olunacaqdır və bunda elmimizin də payı əhəmiyyətli olacaqdır.
Tarla seminarının sonunda nümunəvi əkin sahələrinə və tədqiqat prosesinə baxış keçirilib, geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.