Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

FU Orionisin parlaqlığının artmasının səbəbi aşkar olunub
03.06.2024 16:12
  • A-
  • A
  • A+

FU Orionisin parlaqlığının artmasının səbəbi aşkar olunub

ALMA (Atacama Large Millimeter Array) rəsədxanasının alimləri FU Orionis qoşa sisteminində parlaqlığın artmasının səbəbini aşkar edib.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, FU Orionisdə dəm qazı (karbon monoksit) axını olduğunu müşahidə edən tədqiqat qrupu, ulduza tökülən maddənin miqdarını hesablayaraq belə nəticəyə gəliblər ki, hazırkı səviyyə alışma yaratmaq üçün kifayət etmir. Yenidən böyük alışmanın baş verməsi üçün ən azı 100 milyon il keçməlidir ki, bu da ulduz ətrafındakı diskin mövcud olma müddətindən çoxdur. Alışma zamanı yaranan güclü küləklər ulduz formalaşdıqdan sonra artıq qalan maddənin yaratdığı örtüyə təsir edərək müşahidə olunan CO axınlarını yaradır. Ehtimal edilir ki, dəm qazı əvvəlki maddə axınının qalıqlarıdır. Keçmişdə daha böyük qaz axını ilə qarşılıqlı əlaqə, sistemin stabilliyinin pozulmasına və alışmaya səbəb olub.

Qeyd edək ki, 1360 işıq ili məsafədə - LBN 878 dumanlığında yerləşən FU Orionis, təxminən 2 milyon il yaşı olan kiçik kütləli iki ulduzdan ibarət qoşa sistemdir. 1936-cı ildə  onun parlaqlığı 1000 dəfəyədək artıb. Lakin o zaman ulduzun parlaqlığının 10 ulduz ölçüsü dəyişməsinin səbəbi məlum deyildi, çünki cavan ulduzların parlaqlığının bu cür dəyişməsi xarakterik deyil. Sonra alimlər digər cavan ulduzlarda da bu tip dəyişkənlik müşahidə olunduğu üçün, belə kəskin dəyişən ulduzları Fuor adlandırmağa başladılar. Məlum oldu ki, onların cazibəsi qazları akkresiya diskinə doğru cəzb edir və maddə ulduzun üzərinə töküləndə onun parlaqlığı artır.

Müxtəlif konfiqurasiyalarda və dalğa uzunluqlarında müşahidə etməklə FU Orionisə tökülən kütləni təyin edən astronomlar müşahidə materiallarını hesablanmış modellər ilə müqayisə edərək bu nəticələri alıb və tədqiqat işinin nəticələri “The Astrophysical Journal”da çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: